Bu gün Ermənistanın müdafiə naziri David Tonoyan və silahlı qüvvələrin Baş qərargah rəisi Artak Davtyan Azərbaycanın işğal altındakı ərazilərinə gələrək atəşkəsin qorunmasına dair təlimat veriblər.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan bildirib.
Onun Facebook-da bildirdiyinə görə müdafiə naziri Tonoyan Qarabağdakı rejimin hərbi rəhbərliyini təmas xəttində atəşkəsə əməl etməyə çağırıb. Tonoyan qondarma “dqr müdafiə naziri” Levon Mnatsakanyanla və işğalçı qüvvələrin komandir heyəti ilə görüşüb. Münaqişə barədə danışan nazir deyib ki, Ermənistanın siyasi rəhbərliyi məsələnin danışıqlar yolu ilə dinc həllinə üstünlük verir. Bu səbəbdən Qarabağ hərbçiləri Ermənistanın baş nazirinin bu günlərdə Azərbaycan prezidenti ilə əldə etdiyi razılaşmaya uyğun olaraq atəşkəs rejimini qoruyub saxlamalıdır.
Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında ilk qeyri-formal təmas ötən həftə Düşənbdə keçirilən MDB sammiti zamanı baş tutub. Paşinyan açıqlayıb ki, Azərbaycan prezidenti ilə təmas xəttində atəşkəsin qorunması və gərginliyin azaldılması, habelə iki ölkə rəhbərliyi arasında birbaşa rabitə kanalının yaradılması barədə razılaşma əldə edib.