Bir evi ayrı-ayrı şəxslərə satan vəzifəli şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Həsənov Azad Samid oğlunun və 1980-ci il təvəllüdlü Vəliyev Elnur Elbrus oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmişlər çıxış edib.
Zərərçəkmiş İrina Aleqova ifadəsində bildirib ki, həmin binadan 68 min manata ev alıb. Amma sonra öyrənib ki, həmin mənzilin daha iki sahibi də var.
İşin maraqlı tərəfi isə budur ki, İ.Aleqova evi alarkən mənzilin əvvəlki iki sahibi arasında məhkəmə çəkişməsi gedirmiş. Həmin vaxt da ev məhkəmə qərarı ilə həbsdə imiş. Evin üzərində həbs qərarı ola-ola üçüncü şəxsə satıblar. İndi İ.Aleqovanın yaşadığı həmin evdən çıxarılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarı var. O, bu qərardan kassasiya şikayəti verib.
Zərərçəkmiş Nazilə Vahabova isə ifadəsində bildirib ki, evi 67500 manata Nizami Hüseynov adlı şəxsdən alıb: "Mən evi alanda bu həbs edilən şəxsləri görməmişəm və tanımıram. Sənədləşdirmə işlərini oğlum həll edib".
Başqa bir zərərçəkmiş isə Rauf Dadaşzadədir. Onun digərlərindən fərqli olaraq bəxti heç gətirməyib. Digər zərərçəkmişlərdən bəziləri ən azından evlərinə köçüb, bir neçə il yaşaya biliblər.
Amma Rauf Dadaşzadə heç evini təmirə belə, başlaya bilməyib: "Evi aldım. Bir neçə ay təmir edə bilmədim. Sonra öyrəndim ki, ev başqa şəxs də satılıb və bu iş üzrə məhkəmə gedir. Mən də gedib polisə şikayət elədim. Polisdən dedilər ki, mülki işdir və məhkəməyə müraciət etməliyəm. Məhkəmə qərar çıxardı ki, ev mənimdir. İndi də açarlar məndədir. Bir müddət sonra da evin 4-cü alıcısı çıxdı. Evi təmir etmək istəyirdim. Amma 4-cü alıcı da məhkəməyə müraciət etdi. Məhkəmə də evə müvəqqəti olaraq həbs qoydu. İndi heç nə edə bilmirəm".
İş üzrə zərərçəkimiş şəxslərdən Hicran Abbasova isə ifadəsində göstərib ki, aldıqları evi təmir etmək istəsələr də bir müddət gözləməli olublar.
Hər iki təqsirləndirilən şəxs "Etalon İnşaat" MTK-ya rəhbərlik ediblər. Onların əməlləri barədə Baş Prokurorluq da məlumat yaymışdı. Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla "Etalon İnşaat" MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilmişdi. Həmin məlumatda bildirilirdi ki, ilkin araşdırmalarla müəyyən edilib ki, "Əzizbəyov-KM" MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil "Etalon İnşaat" MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.
Bildirək ki, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina "Etalon inşaat" MTK tərəfindən tikilib. Bina tam başa çatmamış "Əzizbəyov-KM" MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satıbmış. Ancaq "Əzizbəyov-KM" MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb. Bu proseslər 2012-2013-cü illərdə başlayıb. Artıq 4 ilə yaxındır ki, məhkəmə çəkişmələri davam edir.
Məhkəmənin hökmü ilə Azad Həsənov 8 il, Elnur Vəliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.