Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı məhkəməyə verib.
Virtualaz.org "Novosti Armeniya”ya istinadən bildirir ki, iddiaçı böhtanın ictimai təkzibini və kompensasiya tələb edir. Amma hələlik hansı təkzibdən söhbət getdiyi məlum deyil.
Maraqlıdır ki, dünən Milli Təhlükəsizlik Xidmətinin direktoru Robert Köçəryanla bağlı öz bəyanatında bəzi dəyişikliklər edib və bunu danışıqda tələsməklə əsaslandırıb.
"İzah etmək istəyirəm ki, mətbuat konfransı zamanı mən altı milyon dollar məbləğində rüşvət haqda bəyan etdim. Bu, danışıqda tələsmənin nəticəsi idi. Bu rüşvət deyil, amma cinayətkar yolla alınmış puldur", - Vanetsyan bildirib.
Qeyd edək ki, söhbət MTX direktorunun mətbuat konfransında səsləndirdiyi bəyanatdan gedir. A.Vanetsyan həmin bəyanatında iddia etmişdi ki, Robert Köçəryan "Konqress" mehmanxanasını 6 milyon dollar məbləğində rüşvət əvəzinə əldə edib.