Speys TV bu gün - 14 may saat 21:25-də Azərbaycan tarixində ilk dəfə “Doğma xalqıma” filmini nümayiş etdirəcək.
Kult.az xəbər verir ki, 1954-cü ildə çəkilən film Azərbaycanın kino tarixində ilk rəngli filmdir.
Film-konsert janrında çəkilmiş film incəsənət ustalarının Azərbaycan Respublikası zəhmətkeşlərinə yaradıcılıq hesabatıdır.
Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, “Koroğlu” və “Nərgiz” operalarından, “Yeddi Gözəl”, “Qız Qalası”, “Gülşən” baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilib.
Filmin yaradıcı heyəti də kifayət qədər məşhur sənətkarlardır. Belə ki, filmin ssenari müəllifi Həsən Seyidbəyli, quruluşçu rejissorları Yan Frid, Hüseyn Seyidzadə, baş operatoru Əlisəttar Atakişiyev, bəstəkarı Niyazidir.
Çox maraqlıdır ki, bu film çəkiləndən sonra heç vaxt efirdə yayımlanmayıb.