“Qarabağ” elə bir mərhələyə gəlib çatıb ki, bizim üçün itirəcək heç bir şey yoxdur.
Belə bir məqamda nədənsə qorxmaq da lazım deyil.
Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abuşov Avropa Liqasının 1/8 final mərhələsi üçün püşkatmanın nəticələrini şərh edərkən deyib.
“Qurban Qurbanov yetərincə istedadlı və cəsarətli mütəxəssisdir. Maraqlıdır ki, bir müddət əvvəl Qurban bəy özü “Bayer”in düşərgəsində olub, Alonso ilə də fikir mübadiləsi aparmışdı. İndi həmin o səfərdən faydalanmağın zamanıdır”, - Abuşov bildirib.
Ekspert rəqibin xeyli güclü, uzunmüddətli məğlubedilməz oyunlar seriyasına sahib olduğunu vurğulayıb:
“Amma “Qarabağ” heç “Braqa” ilə görüşün də favoriti deyildi, çoxları hesab edirdi ki, təmsilçimiz Avropa Liqasının qrupuna vəsiqə qazanmaqla missiyasını bu mövsümlük başa vurub. “Köhlən atlar” isə nəinki qrupdan çıxmağı, hətta Portuqaliya təmsilçisi “Braqa”nı da yolundan kənarlaşdırmağı bacardı. Deməli, ümidsiz olmağa dəyməz. Ən azından ona görə ki, “Qarabağ” “Bayer”ə qarşı layiqli mübarizə aparacaq. Bizə qalan zövqlü futbola baxıb həzz almaq, “Qarabağ”la fəxr etməkdir”.
Qeyd edək ki, “Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibi Almaniyanın "Bayer Leverkuzen" klubu olub.