"Doğma meydandakı üstünlükdən maksimum yararlanmağa çalışsaq da, alınmadı. Bir qol oyunun taleyini həll etdi. İndi üstünlük rəqibin tərəfində olsa da, hələ heç nə başa çatmayıb".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Donald Gerye Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə BATE-yə 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Haitili futbolçu ümidlərini üzmədiklərini, mərhələ adlamaq üçün şanslarının olduğunu vurğulayb: "Qeydə alınan hesab ümidimizi üzmək üçün ciddi nəticə heyil. Qarşıda bizi 90 dəqiqə gözləyir. Bundan maksimum yararlanmalıyıq. BATE Bakıda qələbə qazanmağı bacarıbsa, eyni nətiəcəyə biz də səfərdə imza ata bilərik".
D.Gerye BATE-nin təəccüblü heç nə ilə yadda qalmadığını, rəqibin ani səhvdən sonra qol vurduğunu bildirib: "Güclü komanda olduqlarını bilirdik. Biz heç də onlardan zəif deyilik. Sadəcə, qol imkanlarını dəyərləndirə bilmədik. Xüsusən də ikinci hissədə xeyli şanslarımız oldu. İlk yarıda ehtiyatlı oynamağımız hesaba görə idi. Böyük qüvvə ilə irəli atılmaq riskli ola bilərdi. Ona görə də ehtiyatı əldən vermirdik. Fasilədən sonra isə bütün komanda ilə hücum etdik. Rəqib müdafiəyə çəkilməyə məcbur oldular".
29 yaşlı oyunçu rəqibin ucaboylu müdafiəçilərinin olmasına baxmayaraq, cinahlardan hava ötürmələrini çox etmələrinə aydınlıq gətirib. O, qol vurmaq üçün bütün mümkün variantlardan istifadə etdiklərini söyləyib: "Bunun özü də qol vurmaq üçün cəhddir. Futbolda elə bir qayda yoxdu ki, rəqib futbolçular ucaboydur deyə, asma etməməlisən. Əksinə, hava ötürmələri onları həyəcanlandırırdı. İstər-istəməz təzyiq atında qaldılar. Top hansısa futbolçularına dəyib qapıya daxil ola bilərdi, yaxud birinin ayağından çıxıb bizim oyunçuya düşə bilərdi. Yəni, qol vurmaq üçün bütün mümkün variantlardan istifadə etməyə çalışırdıq. Komanda yoldaşlarıma inanıram. Daha çox güc sərf etsək, mərhələni keçəcəyik".