Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Atletiko”nun qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Çox güclü komandaya qarşı oynayacağıq. “Atletiko” öz gücünü bizə Bakıda göstərdi. Həddən artıq istəkli komandadı. Bizim üçün çox çətin olacaq. Sonadək mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq. Rəqib haqda nə isə fikir bildirməyə ehtiyac yoxdu. Bu cür komanda ilə belə stadionda oynamaq bizim üçün böyük təcrübədi.
- Heyətdə bir neçə itki var. Sabahkı oyunda hansı nəticəyə ümid edirsiz?
- Bəli, çox ciddi problemlərimiz var. Rəqibin açıqlamasından da bəllidi ki, sabahkı oyuna final görüşü kimi baxırlar. Hansı nəticə qazana bilərik? İlk növbədə düzgün oyun qurub, rəqibin hücumlarının qarşısını almağa çalışacağıq. Daha sonra isə özümüz hücum qurmağa səy göstərəcəyik. Planlaşdırdığımız alınsa, istədiyimiz oyunu sərgiləyə bilsək, inşallah, yaxşı nəticə də olacaq.
- Pedro sabah oynaya biləcək, ya yox?
- Bunu indi deyə bilmərəm, sabah həkimlərlə söhbətləşib, dəqiq biləcəyik.
- İspaniya mətbuatında bu oyunun komanda üçün əhəmiyyətindən bəhs edilir. Sabahkı oyunda “Atletiko”nu nə ilə təəccübləndirə bilərik?
- Təəccübləndirmək bir qədər düzgün çıxmaz. Bu komanda yeganə komandadı ki, heç bir oyunda istəksiz çıxış etməyiblər. Bu komandaya qarşı həddən artıq diqqətli olmalıyıq. Bakıda bir neçə epizoddan istifadə edə bilmədilər. Yerli mətbuata da açıqlamalarında bildirirlər ki, qol epizodlarında soyuqqanlı olmalıdılar. Biz də həmçinin. Rəqib kimi biz də istəkliyik. Çoxsaylı azarkeşlər önündə oynayacağımıza baxmayaraq, futbolçularımın bunu bacaracağına inanıram.
- İlk 3 turdan sonra “Atletiko”nun hesabında 2 xal olacağını gözləyirdiz? Sizcə, bu amil sizin komandanın xeyrinədi yoxsa ziyanına?
- “Atletiko”nun builki oyunlarına baxsaq, görərik ki, cəmi 1 oyunda, “Çelsi”yə uduzublar. Bu, komandanın gücündən xəbər verir. Rəqibdə qol buraxmamaq istəyi ilə yanaşı, qol vurmaq istəyi də var. Bizim üçün hansı sürprizi hazırlayıblar, bunu sabah görəcəyik. Futbolçularım diqqətli olmalıdılar. Onların sürprizlərini əvvəlcədən görməlidilər. Fikrimcə, xal aclığı rəqibi bizə qarşı daha diqqətli olmağa sövq edəcək.
- “Qarabağ” rəqibindən ustalıq səviyyəsinə görə geri olsa da, bu komandanı əzmkarlıq hesabına Bakıda büdrədə bildi. Necə düşünürsüz, sabah yenə əzmkarlıq hesabına bu komandadan xal almaq olar?
- Bakıda da demişdim, bəzi epizodlarda bu komanda bizə uduzsa da, ustalıq səviyyəsi daha artığına imkan verir. Rəqib bizdən daha yüksək səviyyəlidi. Sabahkı oyunda bizim əzmkarlığa çox ehtiyacımız var. Çatışmayan cəhətlərimizi bununla sığortalamalıyıq. Bizim əsas silahımız rəqibdən çəkinmədən mübarizə aparmaqdı.
- İtkiləri necə kompensasiya etməyi düşünürsüz?
- İtkidən heç vaxt narazılıq etməmişəm. Sadəcə, əlimizdəki heyətdən az istifadə edə bilirik. Mənim olduğu kimi, futbolçuların da üzərinə böyük yük düşür. Şans qazanan hər bir futbolçu öz üzərinə düşən vəzifəni tam yerinə yetirməlidi. Bu cür oyunlarda futbolçuları xüsusi hazırlaşdırmağa ehtiyac yoxdu. Çünki, kimə qarşı oynayacaqlarını bilirlər.
- Sabahkı oyunda “Qarabağ”ın tərəfində olan nə isə var, hansı ki, nəticə üçün bizə ümid versin?
- Hamımız inanmalı, ümidli olmalıyıq. Təkcə biz yox, həm də, sizlər və azarkeşlər. Bizi tanıyırsız. Bilirsiz ki, həmişə əlimizdən gələnin ən yaxşısını etməyə çalışmışıq. Bakıdakından da məsuliyyətli olmalıyıq. İnanıram ki, futbolçularım üz üzərlərinə düşən yükün öhdəsindən gələcək.