Bakıda keçirilən Avropa çempionatında qarşıya qoyduğum nəticələrin hamısına nail ola bilməsəm də çoxunu yerinə yetirdim.
Bu yarışlarda əldə etdiyim təcrübə gələcəkdə daha uğurlu çıxış etməyimə kömək edəcək.
Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında fərdi yarışın gümüş medalını qazanan rusiyalı idmançı Mixail Azarenko deyib.
“Bakıdakı atıcılıq kompleksi çox gözəldir. Bir çox ölkələrdə olmuşam, lakin belə bir kompleks çox ölkədə yoxdur”, - deyən Mixail Azarenko texniki baxımdan qurulan şəraitin yüksək səviyyədə olduğunu vurğulayıb.
Rusiyalı idmançı bildirib ki, qədim və müasir memarlıq abidələri olan Bakı olduqca gözəl şəhərdir, Azərbaycanın milli xörəkləri çox ləzzətlidir.