4 əfsanə İtaliya millisini tərk etdi

DÇ-2018-in pley-off mərhələsində İsveçə məğlub olan İtaliya millisi 4 futbolçu ilə də vidalaşmalı olub.Bunlar Canluici Buffon, Corco Kyellini, Andrea Bardzali və Daniele de Rossidir. 

Hər 4 futbolçu üçün İsveçlə keçirdikləri matç sonuncu olaraq tarixə düşüb. 

1997-ci ildə millidə ilk oyununda çıxan Buffon Rusiyada keçiriləcək DÇ-yə qatılsaydı, bu onun üçün 6-cı mundial olacaqdı. Bununla da əfsanəvi çərçivə qoruyucusu tarixə düşəcəkdi. Buffon millidə ümumilikdə 175 oyun keçirib. 

10 il yığmanın formasını geyinmiş De Rossi 117 dəfə meydanda olub. O, 21 dəfə qol sevinci yaşamağı da bacarıb. 

“Yuventus”un da əfsanələrindən olan Corco Kyellini isə yığmanın heyətində 96 dəfə oynayıb. Müdafiəçi olmasına baxmayaraq o, bu matçlarda 8 dəfə rəqib qapılarına yol tapıb. Kyellini AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə İtaliyada keçirilən matçda qapımıza iki dəfə yol tapmışdı. Həmin matçda o, özü qapısına da qol vurmuşdu. 

Andrea Barzadli isə millidə cəmi 73 dəfə forma geyinmək şansı əldə edib. O, yığma komandada oynadığı müddətdə fərqlənə bilməyib.