“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi və Elm və Təhsil Nazirliyinin yaradılması haqqında fərmanı elmin və təhsilin yeni mərhələyə çatdırılması, qarışıqlı inteqrasiyası baxımından atılmış islahat yönümlü çox mühüm bir addımdır”.

Ardını oxu...


…Yaxud ABŞ səfirinin Şeyx Nəsrullah olmaq arzusu

ATƏT-in Minsk qrupu 26 illik səmərəsiz, fəaliyyətsiz, əhəmiyyətsiz ömrünü başa vurdu. Gəlişi ümidli olsa da, gedişinə sevinənlər çox oldu. Həm də xeyir gətirməyən bazar piştaxtası kimi birdən qapandı. Bəs ATƏT-in yaratdığı, beynəlxalq mandat verdiyi bu qurum niyə lazımsız əşyaya, fəaliyyətsiz quruma çevrildi? Məgər yarandığı və “fəaliyyət” göstərdiyi bu 26 ildə heçmi səmərə vermədi? Buna oxşar hadisə ilə kimsə rastlaşıbmı? Oxucuların əksəriyyətində bu sualların cavabları var.

Minsk qrupu məzara gömülməyə məhkum idi, çünki qərəzli mövqedə idi. Ermənistanın separatçı əməllərinə bilavasitə dəstək verirdi, işğalçı ilə, işğala məruz qalanı seçə bilmirdi, yaxud bunu istəmirdi. Münaqişəni tərəfləri Ermənistan və Azərbaycan olduğu halda bu qurumun həmsədr ölkələlərinin təmsilçiləri Qarabağdakı separatçıları ziyarət etməmiş, onları təlimatlandırmamış regiondan getmirdilər. Bir növ separatçı-terrorçuları bəsləyir, dəstəkləyir və ilham verirdilər. Minsk qrupunun lüğətində sanki “ərazi bütövlüyü”, “suveren hüquq” kimi terminlər yoxa çıxmışdı. Erməni lobbisinin diktə etdikləri, sifarişləri beynəlxalq hüququn norma və prinsipləri kimi təqdim edilirdi. Az qala Azərbaycana açıq şəkildə “Qarabağdan imtina edin” deyə çağırış edirdilər, hətta bunu tələb də edirdilər. Amma Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 27 il, münaqişənin ədalətli həllini isə 30 il gözləyə bildi. Artıq zamanın yetişdiyini Azərbaycanda olduğu kimi, bütöv Qarabağı işğal altında saxlayan Ermənistanda da hiss etməyə başladılar. Ermənistan silahlı qüvvələrinin üçüncü təxribatçı cəhdi böyük müharibənin başlamasına təkan verdi. Ermənistan liderlərinin Qarabağı Ermənistanın tərkib hissəsi hesab etməsi, separatçıların qondarma “dövlət qurumları”nın Şuşaya köçürülməsi planı, Aprel döyüşləri və nəhayət Tovuz hadisələri münaqişənin aktiv müharibə fazasına keçməsinə əngəl ola bilmədi. Azərbaycan xalqı, dövləti və ordusu bir yumruq kimi birləşdi və düşmənin başına endirildi…

Və müharibə 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə sona çatdı. Regionda yeni reallıqlar yarandı. Yeni format münaqişənin yerdə qalan məsələlərini həll etmək iddiasını ortaya qoydu. Əvvəlki oyunçular şəraitə uyğun olaraq, daha doğrusu yeni tələblərə cavab vermədikləri üçün sıradan çıxarıldılar. Deməli, münaqişəni həll etməyi öhdəlik kimi üzərinə götürmüş, lakin işinin öhdəsindən gələ bilmədiyi üçün “iki” qiymət alan Minsk qrupu tarixin arxivinə gərəksiz əşya kimi atıldı. Yadınızdadırsa, 44 günlük müharibə başa çatar-çatmaz ATƏT-in xüsusi nümayəndəsi ilə birlikdə Azərbaycan Prezidentinin qəbuluna gələn həmsədrlərə İlham Əliyev nə demişdi: “Mən sizi dəvət etməmişəm”. Bu, əslində həmsədrlər üçün ölümdən betər idi. Onlar bir işi bacara bilməmişdilər, kiçik Ermənistanın separatçı, işğalçı əməllərinə dəstək verərək beynəlxalq arenada nüfuzlarını itirmişdilər. Dünyanın 3 nəhəng ölkəsinin həqiqəti söyləməsinə, hər kəsi öz adı ilə çağırmasına nə mane olmuşdu? Bircə onu demək kifayətdir ki, bu sualın cavabında çoxlu qanunsuzluqlar, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması halları var.

Budur, müharibənin başa çatmasından 20 ay keçir. Tərəflər sülh müqaviləsi bağlamağa hazırlaşır. Azərbaycanın təklif etdiyi 5 baza prinsipinə Ermənistan “yox” deyə bilmir. Sərhədlərin demilitasiyasına az vaxt qalır. Moskvanın və Brüsselin iştirakı ilə görüşlər səmərəli keçib. Və…. Və belə bir zamanda Vaşinqton və Parisin “fırı”qalxıb, yadlarına Minsk qrupu düşüb. ABŞ-ın Ermənistandakı səfiri Ağ Evdən aldığı təlimatlar və “dualar” hesabına ölü diriltmək, Şeyx Nəsrullahlıq etmək iddiasına düşüb. Yenidən münaqişəni ötən əsrin 90-cı illəri səviyyəsinə salmaq istəyir. ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi “Azadlıq” radiosuna müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Qarabağ probleminin hərtərəfli və sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunda Rusiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha bəyan edir: “Biz Minsk qrupundan platforma kimi istifadə etməyə hazır olduğumuzu bildirdik. Bu təklif açıq qalır. Rusiyalı həmkarların bu təklifə reaksiyasını eşitməmişik. Amma hesab edirəm ki, bu, ilk addımdır, ondan sonra başqa addımlar və ideyalar barədə danışmaq olar. Biz gözləyirik ki, Rusiya ilk addımı atacaq və bu, Rusiyanın bu formatda iştirakına qayıtması olacaq. Biz Minsk qrupunu Qarabağdakı vəziyyəti müzakirə etmək üçün beynəlxalq mandata malik format, platforma kimi nəzərdən keçirməyə davam edirik”.

Azərbaycan prezidentinin münaqişənin artıq həll edildiyi və vasitəçilərə ehtiyac olmadığı barədə bəyanatlarına Birləşmiş Ştatların necə münasibət bəsləməsi ilə bağlı sualı cavablandıran səfir Treysi vurğulayıb ki, bu bəyanatlara baxmayaraq, Vaşinqton Minsk qrupu formatından istifadə etmək yollarını axtarmağa davam edəcək: “Rusiyanın Ukraynaya qarşı müharibə aparmasına baxmayaraq, ABŞ bu regiondakı Ermənistanla Azərbaycan arasındakı vəziyyətə çox diqqətlə yanaşır. Düşünürəm ki, bu, ABŞ-ın, ABŞ dövlət katibinin münaqişələrin yenidən başlanmasının qarşısını almaq, müzakirələri diqqət mərkəzində saxlamaq, irəliləyiş əldə etmək və bunu diplomatiya yolu ilə etmək istəyinə sadiqliyini göstərir”.

Region haqqında danışan səfir Treysi bir neçə dəfə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını xatırladıb və vurğulayıb ki, bu istiqamətdə irəliləyiş Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasına kömək edə bilər: “Bu məsələlərin bir çoxu son nəticədə bir-biri ilə bağlıdır və biz bir istiqamətdə müsbət addımları görürük. Bu, regionda daha geniş sülhə nail olmaq üçün imkanları genişləndirə, sürəti artıra bilər”.
Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayevin cavabı isə özünü çox gözlətməyib. Jurnalistlər üçün keçirdiyi brifinqdə Qərbin Bakı ilə İrəvan arasında vasitəçilik prosesindən Moskvanı sıxışdırıb çıxarmaq planlarını şərh edib. Bildirib ki, ümumiyyətlə, son vaxtlar Aİ və ABŞ-dan olan həmkarlar Cənubi Qafqaz regionunda fəallaşıb və mediada getdikcə Qərbin Rusiyanı Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasındakı vasitəçilik prosesindən sıxışdırıb çıxarmağı planlaşdırdığı barədə məlumatlar yer alıb.

“Moskva Cənubi Qafqazda Qərbin təsirinə qarşı necə çıxacaq?”, sualına cavabında bildirib ki, Rusiya Cənubi Qafqazın sülh və firavanlıq zonasına çevrilməsinin tərəfdarıdır. Regional istiqamətdə işimizdə biz sırf yaradıcı gündəmi təbliğ edirik və heç kimlə rəqabət aparmaq fikrində deyilik. Bizim konstruktiv məqsədlərimiz var.
Neçayevin sözlərinə görə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı dəfələrlə qeyd olunduğu kimi, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatları əsasında müvafiq səylər göstərilməlidir: “Qeyri-regional oyunçular qeyd olunan razılaşmalara uyğun hərəkət etsələr və onların həyata keçirilməsinə töhfə versələr, onların prosesə cəlb olunmasına etiraz etmirik. Əsas odur ki, kimisə zəiflətmək və gizli oyunların qurmaq kimi niyyətlərin qarşısı alınsın. Təəssüf ki, adı çəkilən aktyorlar tərəfindən biz dəfələrlə belə praktika ilə üzləşməli olmuşuqduq”.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun bəyanatında rusiyalı həmsədrin Qarabağın gələcəyini müzakirə etmək dəvətini qəbul etmədiyi vurğulanmışdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə iyunun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupu ABŞ və Fransanın təşəbbüsü ilə fəaliyyətini dayandırıb.

“ABŞ öz məqsədlərinə çatmaq üçün erməni resursundan istifadə etməyə çalışır”. Bunu Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib. Onun sözlərinə görə, Ermənistan Rusiyanın müttəfiqidir: “KTMT-nin üzvüdür və hazırda bu təşkilatın Şurasına sədrlik edir. Rusiya hazırda Ukraynada xüsusi əməliyyat keçirir, ABŞ və Avropa isə Moskvaya düşmən münasibət bəsləyir. Bu vəziyyətdə Ermənistanın Rusiya Federasiyasına düşmən olan dövlətlər və beynəlxalq strukturlarla yaxınlaşması qumar oyunudur və fəlakətli nəticələrə gətirib çıxaracaq”.

Bəli, vəziyyət heç də həmsədr ölkələr üçün ürəkaçan deyil. Hər üç ölkənin Cənubi Qafqazdakı niyyəti bəllidir. Regionda nüfuz davası gedir. Avropa və ABŞ Rusiyanı bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Minsk Qrupundan da vurub çıxarmaq istəyirlər. Amma bu nüfuz müharibə üçün hələlik tərəflərin haqq-hesab çəkəcəkləri meydan və platformalar var. Cənubi Qafqazda yeni poliqon, meydan hazırlamağa ehtiyac yoxdur. Bunun üçün 30 il gərəksiz fəaliyyət göstərdiyiniz Minsk qrupunu ölüxanadan dirixanaya gətirməyə, ona süni nəfəs verməyə ehtiyac yoxdur. Minsk qrupu necə yatıbsa, qoyun eləcə də yatsın. Allah sənə rəhmət eləsin, Minsk qrupu…