Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördüncü cildi işıq üzü görüb.
Kult.az xəbər verir ki, kitab müəllifin “Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsərlərdən bəzilərini əhatə edir. Bu cildə Kamal Abdullanın xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanının gizli qatlarından dünya xalqlarının eposları ilə müqayisəli şəkildə bəhs edən “Gizli “Dədə Qorqud”, yaxud Mifdən Yazıya” kitabı, Dastanın poetik özəlliklərini elmi əsəslarla şərh edən fundamental “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası, Azərbaycanşünaslığın “Dədə Qorqud” dastanında təzahürünü tapmış sosial, iqtisadi, etnik, dini, milli, siyasi köklərindən bəhs edən “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti və dastanla bağlı elmi-publisistik məqalələri, oçerkləri daxil edilib.
Cildə müəllifin Qorqudşünaslıqla bağlı həyata keçirdiyi genişmiqyaslı işlərin və araşdırmaların, o cümlədən, “Gizli “Dədə Qorqud” silsiləsinin yalnız bir qismi daxil edilib. Belə ki, akademik Kamal Abdullanın 1991-ci ildə çap olunmuş “Gizli “Dədə Qorqud” əsəri 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş halda “Sirriçində dastan” və yaxud Gizli “Dədə Qorqud”-2” adı ilə yenidən nəşr edilib. Lakin bu kitabların heç biri IV cildə daxil edilməyib. Bu kitabların bütün elmi kvintessensiyası müəllifin IV cildə daxil edilən “Gizli “Dədə Qorqud”, yaxud “Mifdən Yazıya” (Bakı, Mütərcim, 2009) adlı monoqrafiyasında akkumulyasiya olunub.
Müxtəlif illərdə türk və rus dillərinə tərcümə olunaraq Türkiyə və Rusiyada çap edilən bu silsilə kitabların mahiyyəti və əsas mövzusu “Kitabi-Dədə Qorqud” dastanının dərinində miflə yazının münasibətlərinin araşdırılmasından ibarətdir.
Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” (Bakı, 2017) monoqrafiyası dünya kulturoloji fikrinin kontekstində yazılmış bir əsər kimi bu cilddə xüsusi yer tutur. Bu dərin elmi tədqiqat əsəri rus dilinə tərcümə edilərək “Введение в поэтику “Китаби-Деде Коркуд” (Москва, Художественная литература, 2018) adı ilə Rusiyada, türk dilinə çevrilərək “Dede Korkud Kitabı” Poetikasına Giriş” (İstanbul, Ötüken Basınevi, 2020) adı ilə Türkiyədə nəşr edilib.
Bu cildin son bölümünü təşkil edən məqalələr də birbaşa “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı Kamal Abdullanın müxtəlif illərdə yazıb ölkəmizdə və xaricdə çap etdirdiyi dastan mətninin ayrı-ayrı problemlərindən bəhs edən elmi və elmi-populyar tədqiqlərdir.
Xalq yazıçısı Kamal Abdullanın çoxcildliyinin müxtəlif cildlərinə daxil edilən “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış şeirlər, kiçik poemalar, esselər, hekayələr, romanlar, pyeslərlə yanaşı, bu istiqamətdə namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etməsi, Qorqudşünaslıqla bağlı məruzələri, müsahibələri də, əslində, müəllifin dəyərli “Qorqudnamə”sinə daxil edilə bilər. Deməli, “Qorqudnamə” bu gün də davam edir desək, səhv etmərik. Məhz buna görə Kamal Abdullanın Qorduqşünaslıq istiqamətindəki titanik fəaliyyətini yüksək dəyərləndirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə ona “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adını verib.