Kult.az güneyli yazar Fərrux Cəraidinin (Yorğun) “Telefon köşkü” hekayəsini təqdim edir:
Günorta çağı Günəş göy üzündə şaxmaqdaydı. Sağ əlində sanki bir şey gizlətmiş, əvvəlcə əlini yumruq tutub qırmızı köynəyinin qolunu baş barmağı ilə ovucuna çəkmiş, iri addımlarla sağ-sola baxa-baxa küçə ilə aşağı gedirdi.
Ətrafda olanlar onu gördükdə gülümsəyib, “hə, Araz, yenə gedirsən zəng vurasan?” - deyib keçirdilər. Araz gülərək başını aşağa salıb tələsik keçirdi.
Sarı boyalı telefon köşkü Günəşin saçaqları altında parlayırdı.
Araz köşkə çatdıqda köşkün qırağından baxıb, bir az o yan-bu yana boylandıqdan sonra yavaşca telefonun önündə dayandı.
Sağ əlini açdıqda tərləmiş bir-iki qəpik gördü.
Dəstəyi götürüb iki qəpiyi telefonun üstünə qoydu. Sağ əli ilə tez-tez bir neçə nömrənin üstünə basıb dayandı.
Bir az sonra iki dəfə dəstəyə püfləyib, azca dözüb, yavaşca danışmağa başladı:
- Alo, alo!
- ...
- Salam, özünsən?
- ...
- Yanasan qız, qorxdum ey!
- ...
- Aaaa, hələ deyir, niyə “gicbəsər” dedin, gələcək qayınanamdı.
- ...
- Görüm hələ, necəsən? Yaman darıxıram ha mən.
- ...
- Bilirəm da, olsun-olsun, özüm səni qaçırdacağam.
- ...
- Kim deyir olmaz?
- ...
- Mən qaçırdaram da, həm sən bir az da döz.
- ...
- Səhər, əh bağışla, Səhərim, səni çox sevirəm, bilirəm, bilirsən haaa, amma dedim, lap arxayın olasan.
- ...
- Yaxşı get, tutmayım, sevindim səsini eşitdiyimə.
Dəstəyi yerinə qoyub sağ əli ilə iki qəpiyi telefonun üstündən götürüb, evlərinə sarı yola düşdü.
Məhlədə oyun oynayan uşaqlar Arazı gördükdə, “Qaçın, dəli Araz gəldi”, - deyə dağılışdılar...