Ukrayna Amerikanı müharibəyə sürükləməmək üçün əlindən gələni etdi, lakin Rusiyanın qalib gəlməsinə icazə verilərsə, bunun ABŞ üçün fəlakətli nəticələri olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Nyu Yorker” qəzetinə müsahibəsində deyib.
"Birincisi, Avropaya, Amerikaya və Kanadaya qırx milyona yaxın miqrant gələcəkdi. İkincisi, siz Avropanın ən böyük ölkəsini itirəcəkdiniz - Amerikanın qitədəki təsirinə böyük zərbə dəyəcəkdi. Rusiya orada tam təsirə malik olacaqdı. Onda siz hamını itirəcəksiniz – Polşanı, Almaniyanı və sizin təsiriniz sıfır olacaq”, - Zelenski qeyd edib.
O vurğulayıb ki, Amerika ictimaiyyəti başa düşməlidir ki, Ukraynanın mövcudluğu faktının özü problem deyil, əksinə, Ukraynanın möhkəmliyi Amerikaya bir çox başqa problemləri həll etməyə imkan verib.
O, həmçinin əlavə edib ki, Ukraynaya dəstək zəifləsə, Rusiya Polşaya zərbə endirə bilər – məsələn, Belarusun hansısa təxribatına cavab olaraq.
Zelenski Ukraynanın müqavimətinin ABŞ ordusunu birbaşa müharibəyə girməkdən xilas etdiyini bildirib.