İsrail uzun müddətdir ki, Livanda peycerləri partlatmaq üçün mürəkkəb əməliyyat hazırlayırdı və içərisində partlayıcı maddələr olan rabitə vasitələrinin istehsalı üçün şirkət də yaradıb.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbəyə istinadla məlumat yayıb.
“Peycer partlayışlarının arxasında israillilər dayanır. Budapeştdə qeydiyyatdan keçmiş “BAC Consulting” şirkəti İsrail cəbhəsinin bir hissəsi idi. İsrail kəşfiyyatı əməliyyatda iştirak edən şəxslərin kimliklərini gizlətmək üçün ən azı daha iki şirkət yaradıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, Livanda 17 sentyabrda peycerlərin partlaması nəticəsində 12 nəfər ölmüş, 4 min nəfər yaralanmışdı. 18 sentyabrda isə Livanda növbəti partlayışlar baş verib.