Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı bərabərhüquqlu tərəfdaş hesab etməkdə davam edir və bütün məsələlər üzrə dialoqa hazırdır.
Axar.az xəbər verir ki, bunu qurumun baş katibi İmanqali Tasmaqambetov deyib.
O qeyd edib ki, Ermənistan nümayəndələri KTMT-nin Rusiya, Qazaxıstan və Qırğızıstanda keçirilən silsilə birgə təlimlərində iştirak etməyiblər. Bununla belə, KTMT rəhbərliyi hələ də Ermənistana təşkilat formatında bərabərhüquqlu tərəfdaş kimi baxır:
“Biz İrəvandan olan həmkarlarımızla aktual məsələlərin bütün spektri üzrə dialoqa hazırıq”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin ölkəsinin suverenliyinə təhdid olduğunu, buna görə də bu qurumda fəaliyyətlərini dondurduqlarını, geri qayıtmalarının isə mümkünsüz olduğunu açıqlayıb.