Böyük Britaniyanın Moskvadakı səfirliyindəki diplomatlar rus xalqına zərər vurmaq məqsədi daşıyan aksiyalarla məşğul olublar.
Onların fəaliyyəti Vyana konvensiyalarından çox kənara çıxıb.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Rusiya FTX-nin britaniyalı diplomatların fəaliyyəti ilə bağlı verdiyi qiymətləndirmələri tamamilə bölüşürük. Böyük Britaniya səfirliyi Vyana konvensiyalarında nəzərdə tutulan sərhədlərdən çox kənara çıxırdı. Amma ən əsası odur ki, söhbət təkcə məsələnin formal tərəfindən və bəyan edilmiş fəaliyyətə əməl edilməməsindən deyil, xalqımıza ziyan vurmağa yönəlmiş oxşar hərəkətlərdən gedir”, - Zaxarova vurğulayıb.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının hərəkətlərində kəşfiyyat və təxribat işlərinin izləri aşkar edildiyi üçün akkreditasiyalarının dayandırıldığını bildirmişdi.