Azərbaycanla Rusiya arasında imzalanan Moskva bəyannaməsi tarixi əhəmiyyət daşıyan sənədddir.
Əvvəla ona görə ki, bəyannamənin hər bir bəndi Azərbaycanın milli maraqlarına tam uyğundur. Digər tərərfdən, istər Rusiya, istərsə də Azərbaycan bir-birilərinin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə, dövlət suverenliyinə hörmət ifadə edirlər. Eyni zamanda, qarşılıqlı olaraq bir-birinin daxili işlərinə qarışmamaqla bağlı öhdəlik götürülür. Bütün bunlar çöx önəmli məqamlardır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu açıqlamasında Trend BİA-nın Baş direktor müavini Sahil Kərimli bildirib.
O, əlavə edib ki, bəyannamədə bölgədə təhlükəsizliyin təmin edilməsi, terrorçuluğun, xüsusilə də separatçılığın qarşısının alınması məsələləri açıq şəkildə təsbit olunub. Azərbaycan və Rusiya bu istiqamətdə də səylərini birləşdirəcək və bu regionda yaranmış yeni sülh və təhlükəsizlik reallıqlarını daha da möhkəmləndirəcək:
"Bir neçə ay əvvəl qardaş Türkiyə ilə imzalanmış tarixi Şuşa bəyannaməsindən sonra Rusiya ilə imzalanan Moskva bəyannməsi də Azərbaycanın təhlükəsizliyinə, müstəqiliyinə, ümumilikdə bölgədə sabitliyə zəmanət verir. Azərbaycan Vətən Müharibəsindəki Zəfərdən sonra Cənubi Qafqazdakı liderliyini daha da möhkəmləndirib. Ölkəmiz Türkiyə və Rusiya ilə birgə bölgənin əsas oyunçusuna çevrilib. Şuşa və Moskva bəyannamələri heç şübhəsiz ki, bu güclü üçlüyün daha da möhkəmlənməsinə öz töhvəsini verəcək".
Sahil Kərimli qeyd edib ki, Azərbaycan heç bir hərbi və ya siyasi bloka üzv olmamaqla özünəməxsus xarici siyasət kursu yürüdür. Eyni zamanda biz bütün region ölkələri ilə, nüfuzlu güc mərkəzləri ilə yüksək səviyyəli münasibətlər qururuq:
"Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasəti praqmatikdir, düşünülmüşdür və ölkəmizin milli maraqlarına uyğun həyata keçirilir. Ölkəmizin xarici əlaqələri heç vaxt üçüncü tərəfə yönəlməyib. Azərbaycan hazırda Avropa İttifaqı ilə sazişin imzalanmasına hazırlaşır".
S.Kərimli bildirib ki, hazırda dünyada və regionda gedən ziddiyyətli siyasi proseslər, ölkələr arasında yaranan münaqişələri nəzərə alsaq, Azərbaycanın postsovet məkanında tutduğu mövqe, yürütdüyü uğurlu siyasət olduqca təqdirəlayiqdir:
"Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü son dərəcə uğurlu siyasət ölkəmizin müstəqil siyasətinə, təhlükəsizliyinə, suverenliyinə zəmanət qazandırır. Bütün bunları qətiyyətli mövqenin, güc və bacarığın, məharətli diplomatiyanın nəticəsi kimi qiymətləndirmək lazımdır".