Türkmənistanda bu il martın 12-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov parlamentin yuxarı palatasının (Xalk Maslaxatı) növbədənkənar iclasında bildirib ki, gənc liderlərin idarəçiliyinə şərait yaratmaq lazımdır. O yeni seçkiləri gənclərin hakimiyyətə gətirilməsi ilə əlaqələndirib.
Türkmənistan mətbuatının yaydığı məlumata görə, Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın sədrinə ölkə Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq müvafiq işə başlamaq tapşırılıb.
Artıq siyasi partiyalar qurultay vasitəsilə öz namizədlərini irəli sürməyə başlayıb.
Qeyd edək ki, Türkmənistanda 3 siyasi partiya fəaliyyət göstərir. Bunlar Türkmənistan Demokrat Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır.
Türkmənistan prezidentinin tapşırığına uyğun olaraq, ölkənin Mərkəzi Seçki Komissiyası martın 12-də keçiriləcək növbədənkənar prezident seçkilərinə ciddi şəkildə hazırlaşır.
Bəs Azərbaycanda yaşayan Türkmənistan vətəndaşları seçkidə necə iştirak edəcəklər?
Milli.Az xəbər verir ki, Türkmənistanın Azərbaycandakı səfirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar üçün seçki məntəqəsi yaradılacaq.
"Türkmənistan səfirliyində seçki məntəqəsi yaradılacaq. Burada Azərbaycan Respublikası ərazisində olan Türkmənistan vətəndaşları 2022-ci il martın 12-də keçiriləcək Türkmənistan Prezidenti seçkilərində iştirak edə biləcəklər", - səfirlikdən daxil olan məlumatda deyilir.
Xatırladaq ki, Türkmənistanda sonuncu prezident seçkiləri 2017-ci ildə baş tutub. Həmin seçkilərdə Q.Berdiməhəmmədov səslərin 97,28 %-i toplayıb. Mərkəzi Asiya ölkəsində prezident 7 il müddətinə seçilir.
Türkmənistan Demokratik Partiyasının növbədənkənar qurultayında ölkə prezidentinin oğlu, baş nazirin müavini Serdar Berdiməhəmmədovun növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülüb. Ekspertlərin fikrincə, Serdar Berdiməhəmmədovun prezident seçilmək şansı yüksək qiymətləndirilir.