Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Kalın və Sallivan arasında baş tutan telefon danışığı zamanı ikitərəfli əlaqələr, xüsusilə siyasi, iqtisadi və müdafiə mövzuları müzakirə edilib.
Bildirilib ki, Ukrayna böhranı, Ermənistanla münasibətlərin normallaşması prosesi və digər regional məsələlər müzakirə olunub. Danışıq zamanı Türkiyə ilə ABŞ arasında razılaşdırılmış Birgə Strateji Mexanizmin detalları və mövzuları müzakirə edilib.
Ukrayna böhranının dialoq və əməkdaşlıq yolu ilə həlli istiqamətində səylər müzakirə edilib. Qeyd edilib ki, Türkiyənin NATO müttəfiqi kimi böhranın aradan qaldırılması üçün hər cür dəstəyi davam etdirəcək.
Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Ukraynanın paytaxtı Kiyevə səfərinin problemin diplomatiya yolu ilə həllinə töhfə verəcəyi vurğulanıb, habelə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin və uzunmüddətli münasibətlərin qurulmasının zəruriliyi, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması regionun sabitliyi və rifahı üçün vacibliyi vurğulanıb.