Avropa Birliyi əlavə şərtlər olmadan Ukraynaya 600 milyon avroluq ilk tranşı verəcək. Ayrılan makromaliyyə yardımının ümumi məbləği 1,2 milyard avro təşkil edir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
Prezident Vladimir Zelenski Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskislə görüşü zamanı bildirib ki, Avropa Birliyinin 1,2 milyard avro ayırmaq qərarı maliyyə bazarları üçün vaxtında siqnal olub və bu, Ukrayna iqtisadiyyatının sabitliyini qorumağa kömək etməlidir.
“Bizim strategiyamız işə yaradı, müharibə haqqında deyil, iqtisadiyyat haqqında danışdıq. Bu gün ilk gündür ki, biz qrivnanın məzənnəsini dəstəkləmək üçün ehtiyatlarımızdan bir dollar da xərcləmədik”, - Zelenski vurğulayıb.