"Omikron" ştamının sürətlə yayılması onun koronavirusun ən son versiyası olmadığını deməyə əsas verir.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Associated Press"də məqalə dərc olunub.
Mütəxəssislərin fikrincə, hər bir infeksiya virusa mutasiya şansı verir. "Omikron" sürətlə yayılmaqla öz üstünlüyünü nümayiş etdirib.
Boston Universitetinin yoluxucu xəstəliklər üzrə epidemioloqu Leonardo Martinez qeyd edib ki, "omikron" nə qədər tez yayılarsa, mutasiyalar üçün bir o qədər fürsət yaranır.
Ekspertlər deyir ki, "omikron" "delta" ştamından fərqli olaraq insanları təkrar yoluxdurmaq və peyvənd edilmiş insanlarda infeksiyalara səbəb olmaq gücündədir.
"Virus təkamül edir. Xüsusilə, infeksiyaya həssas olan heyvanları yoluxdurduqdan sonra insanlara qayıda və ya insanlarda ikiqat infeksiya hibridləri yarada bilər", - ekspertlər qeyd edir.
Həmçinin iddia olunur ki, "omikron" "delta" ilə müqayisədə yüngül və az ölümcüldür.
Alimlər koronavirusun yeni variantlarının ortaya çıxmasının qarşısını almaq üçün maska taxmaq və peyvənd olunmaq kimi ictimai təhlükəsizlik tədbirlərinə əməl etməyin vacibliyini vurğulayırlar.
Məqalədə deyilir: "Peyvəndlər qorunmanı təmin edir və gücləndirici dozalar ciddi xəstəliklərin və ölümlərin sayını əhəmiyyətli dərəcədə azaldır".