Son xəbərlər

Yol polisinin yazdığı cərimələr ləğv olunmalıdır
Bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünaslar və ekspertlər Baş nazir Əli Əsədova müraciət edib. Müraciətdə bildirilir ki, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13.04.2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmayıb. Ona görə də DYP-nin bu tarixə qədər İXM-nin 211-ci maddəsi üzrə tərtib etdiyi bütün inzibati tənbeh verməyə dair qərarları ləğv olunmalıdır.
 
Müraciətin mətnini oxuculara təqdim edirik:
 
Hörmətli Əli müəllim!
Koronavirus pandemiyası dövründə 13.04.2020-ci il tarixinədək dövlət yol polisi əməkdaşları tərəfindən Respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında 18 687 hərəkət iştirakçısı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitar - gigiyena və karantin rejimlərinin pozulması) inzibati məsuliyyətə cəlb edilib.
Bildiririk ki, "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2014-cü il tarixli Fərmanınadək "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nda Dövlət Yol Polisinin vəzifəli şəxslərinin İXM-nin hansı maddələri ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətləri olmasını müəyyən edən 2.2.-ci və 2.4.-cü bəndlərində İXM-nin 211-ci maddəsi göstərilməyib.
 
İXM-nin 211-ci maddəsi "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2014-cü il tarixli Fərmanı ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nın 2.2. -ci və 2.4.-cü bəndlərinə əlavə edilib və bununla da Dövlət Yol Polisinin vəzifəli şəxslərinə İXM-nin 211-ci maddəsi ilə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib.
 
Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Dövlət Yol Polisi əməkdaşlarının İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti 13.04.2020-ci il tarixindən sonra yaranıb və dövlət yol polisi əməkdaşlarının həmin tarixədək İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh vermə barədə qərar tərtib etmək səlahiyyəti olmayıb.
“İnzibati icraat haqqında” Qanunun 67.1.-ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
 
Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya suboordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən ləğv oluna bilər.
 
Hörmətli Əli müəllim!
Yuxarıdakıları əsas götürərək Sizə müraciət edərək xahiş edirik ki, 13.04.2020-ci il tarixinədək dövlət yol polisi əməkdaşlarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə tərtib etdikləri inzibati tənbeh verməyə dair qərarlarını ləğv edəsiniz.
Əvvəlcədən minnətdarlığımızı bildiririk!”
İlham Əliyev Azərbaycan xalqını təbrik etdiPrezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

“Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim”in hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayı insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.

Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir.

Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız “Quran” da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır.

Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaq.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.

Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!”

Prezident onlara dövlət mükafatı verdi
Prezident İlham Əliyev 2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilib:

Nazim Timur oğlu Məmmədov

İmaməddin Rəcəbəli oğlu Əmiraslanov

Nadir Allahverdi oğlu Abdullayev

Ziya Saxavəddin oğlu Əliyev.

Vilayət Eyvazovdan
Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin olunub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Əli Əliyev Metropolitendə Polis Şöbəsinə rəis təyin edilib.

Xatırladaq ki, daha əvvəl bu vəzifədə polis polkovniki Samir Hüseynov idi. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

İlham Əliyev “Signify” şirkətinin rəhbərləri ilə videokonfrans keçirdi

Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov iştirak edib.

Daha bir icra başçısı işdən çıxarıldı

Prezident İlham Əliyev Arif Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Milli Məclis sədri videokonfrans vasitəsi ilə seçicilərini qəbul edib
98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Bu barədə məlumat Milli Məclisin mətbuat xidmətindən verilib.

Videoqəbulda millət vəkili secicilərin xəstəliyə görə müavinətlərin təyin olunması, Şəmkirdə sosial evlərin tikilməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yolların asfalt örtüyünün yenilənməsi, "Varlı həyat" kəndinin qazlaşdırılması, Çinarlı qəsəbəsi 1 saylı orta məktəbin binasının əsaslı təmiri və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Videoqəbulda seçicilər tərəfindən qaldırılan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün görüşdə iştirak edən İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Bir sıra digər müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.

Görüşdə iştirak edən seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd edərək, Şəmkir rayonunda da sosial infrastruktur layihələrinin reallaşdırıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, dövlətimizin başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir, bununla bağlı mühüm tədbirlər həyata keçirilir. Həmçinin bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti vətəndaşlar tərəfindən təqdir olunur, yüksək qiymətləndirilir. 

Videoqəbulda millət vəkili S.Qafarovanın seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olduğu, onun istər Milli Məclisin plenar iclaslarında çıxışları zamanı, istərsə də müvafiq dövlət qurumlarına müraciətlərində seçicilərin qaldırdıqları məsələlərin əks olunduğu vurğulanıb.

S.Qafarova videoqəbulda iştirak edən bütün seçiciləri ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyə, mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.

Millət vəkili qarşıdan gələn Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə seçiciləri təbrik edib, videokonfrans vasitəsilə görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Baş Prokurorluqda şok dəyişiklik: Rüstəm Usubov vəzifəsindən azad edildi?
Baş Prokurorluqda ciddi kadr dəyişiklikləri baş verir.

 BakuPost xəbər verir ki, Baş prokuror Kamran Əliyev birinci müavini Rüstəm Usubovun, müavin Namiq Əsgərovun, digər müavin, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Nazim Rəcəbovun tutduqları vəzifədən azad olunmaları üçün Prezident İlham Əliyevə təqdimat göndərib.

Onlarla bağlı Prezidentin bu gün sərəncam verəcəyi gözlənilir.

İşdən çıxarılan şəxslərin ikisinin yerinə kimlərin təyin ediləcəyi də artıq məlumdur.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BakuPost-a bildirib ki, rəsmi sənəd olmadığından sözügedən məsələ ilə bağlı açıqlama verə bilməz.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanalayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident, Əziz Qardaşım.

Can Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim adından və şəxsən öz adımdan Zati-alinizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını ən səmimi duyğularımla təbrik edirəm.

Müstəqilliyinin bərpasından bəri gündən-günə daha da inkişaf edən Azərbaycanın qətiyyətli liderliyinizlə əldə etdiyi mühüm nailiyyətlərə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın sonuncu iclasında fəxrlə bir daha şahid oldum. İnamla və qüdrətli bir şəkildə Cümhuriyyət tarixinin 102-ci yaşına qədəm qoyan Odlar Yurdunun bütün sahələrdə böyük addımlar atmağa davam edəcəyinə ürəkdən inanıram.

Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə daha da genişləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq duyuram. Qəlbləri birlikdə döyünən ölkələrimizin indiyə qədər olduğu kimi, bundan sonra da milli məsələlərimizdə qardaşlıq həmrəyliyini davam etdirəcəklərinə, bölgəmizdə sülh, rifah və sabitliyə sanballı töhfələr verməyə davam edəcəklərinə inamım qətidir.

Fürsətdən istifadə edərək, bir daha Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzularımızı çatdırıram”.

Prezident Seymur Orucovu icra başçısı təyin etdi

Prezident Ağstafaya yeni icra başçısı təyin edib.

Sərəncama əsasən, Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, S. Orucov YAP Gənclər Birliyinin sədridir.