Ermənistan rəhbərliyi Azərbaycanın işğal altındakı ərazilərində keçirilən “qələbə” mərasimlərində iştirak edib, qol qaldırıb oynayandan bir neçə gün sonra Brüsseldə tamam başqa “hava”ya oynamağa başladılar. Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan Brüsseldəki “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində verdikləri açıqlamalarda və keçirdikləri görüşlərdə yenə konstruktiv görünməyə, “sülh çələngi” hörməyə cəhd göstərdilər.
Ermənistan rəhbərliyi destruktiv fəaliyyətinə yalnız Avropa səfərində moratorium qoydu və danışıqlar tərəfdarı kimi çıxış etdi. Tədbir çərçivəsində N.Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında qısa görüşün baş tutmasını uğur sayan xarici dairələr Ermənistan hakimiyyətinin elə son həftə sərgilədiyi təxribatçı davranışlarını belə irad tutmadılar. Bu kimi ikili davranışlar təbii ki, işğalçı ölkənin rəhbərliyinin növbəti özbaşınalıqlarını stimullaşdırır.
Xüsusilə də qarşılıqlı məsuliyyət hissi olmadan danışıqların davamına qərar verilməsi Ermənistanın maraqlarına tam cavab verir. Çünki rəsmi İrəvan anlayır ki, müharibə Ermənistan üçün fəlakətli sonluqla nəticələnə bilər. Üstəlik, Paşinyan bu ilin əvvəlində Parisdə XİN başçılarının əldə etdiyi razılaşmanı unutmamalıydı. Fransa paytaxtında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tərəflər xalqların sülhə hazırlanması barədə razılaşma əldə etmişdilər. Ancaq hər halda, N.Paşinyanın Şuşada yallı getməsi xalqların sülhə hazırlanmasına yox, düşmənçiliyin alovlandırılmasına xidmət edən hərəkət oldu.
Brüssel səfəri öncəsi verdiyi açıqlama ilə Azərbaycan XİN-in etirazına səbəb olan və rəsmi Bakıdan cavab bəyanatı alan Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Belçika paytaxtında deyib ki, Vaşinqtonda Əliyev-Paşinyan görüşü hazırlanır. Ermənistan xarici işlər naziri Qarabağ münaqişəsinə dair növbəti yüksək səviyyəli danışıqların ABŞ-da baş tutacağına eyham vurub.
Virtualaz.org xəbər verir ki, Mnatsakanyan Brüsseldə jurnalistlərlə söhbətində bu haqda danışıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan liderlərinin yeni görüşü Vaşinqtonda baş tutacaq, amma indidən ev sahibi tərəfi qabaqlayaraq nəsə demək düzgün olmazdı. Mnatsakanyan “bir az da gözləməyə” çağırıb, deyib ki, tərəflər görüşlərin yeni raundunun təşkil edilməsi üçün müəyyən konkretləşməni gözləyirlər. O, qəbul edən tərəfin bu görüşün nə zaman baş tutacağı və hansı formada təşkil ediləcəyi haqda özü açıqlama verməli olduğunu deyib. Bundan sonra münaqişə tərəfləri də müzakirə edib vaxtı dəqiqləşdirə, öz razılığını verə bilərlər.
Xatırladaq ki, bundan əvvəl yayılan xəbərlərə görə, Vaşinqtonda əvvəlcə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. Hər iki tərəf görüşün anonsunu versə də, hələlik ABŞ-dan konkret açıqlama gəlməyib.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ötən həftə “Turan” informasiya agentliyi və “Amerikanın Səsi” radiosuna müsahibəsində Qarabağla bağlı ölkəsinin mövqeyini açıqlamışdı. Diplomat demişdi ki, ABŞ-ın bu istiqamətdə mövqeyi çox aydın və açıqdır: “ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyir. Bu da o deməkdir ki, biz münaqişəyə cəlb olunan iki tərəfdən göstərilən və nəticə etibarilə sülh sazişinə gətirib çıxara bilən səyləri çox dəstəkləyirik. Biz ötən il həm yüksək səviyyədə olan təmasların sayının artırılmasını, eyni zamanda təmas xəttində zorakılığın azalmasını müşahidə etmişdik. Bu iki amil çox müsbət olan amillərdir. ABŞ digər iki həmsədr dövlətlə birgə fəaliyyət göstərərək Azərbaycanla Ermənistan arasında olan sülh danışıqlarına bağlılığı və tərəflər arasında etimadın artırılması üçün göstərilən fəaliyyətlərə də dəstək verəcək. Çünki bu fəaliyyətlər nəticə etibarilə iki tərəf arasında sülh razılığının əldə olunmasına yardım edəcək. Təmaslar barədə danışdım. Düşünürəm ki, iki dövlətin liderləri və ümumiyyətlə, xarici işlər nazirləri arasında həyata keçirilən görüşlər vacibdir. Lakin dövlət rəhbərləri və xarici işlər nazirlərinın görüşlərinə əlavə olaraq tərəflər öz xalqlarını münaqişənin razılaşdırılmış həlli üçün hazırlaya bilərlər”.
Vaşinqton görüşünə gəldikdə, səfir bildirib ki, ABŞ xarici işlər nazirləri arasında görüşləri alqışlayır: “Adətən lazım olan müvafiq hazırlıq işləri yekunlaşandan sonra eyni zamanda görüşə qatılan bütün tərəflər görüşün keçirilməsi barədə bəyanat verir. İki nazirin görüşməsini biz çox istəyərdik və ümid edirəm ki, yaxın gələcəkdə iki nazir arasında görüş barədə bəyanatlar veriləcək”.
Li Litzenberger deyib ki, görüşə qatılan tərəflər hələ ictimaiyyətə görüş barədə bəyanat verməyiblər: “Düşünürəm ki, hazırda aidiyyəti olan bütün məsələlər müzakirə edilir. Bu kimi görüşlər barədə bir tərəf qərar vermir. Bütün dövlətlər tərəfindən ümumiləşdirilmiş qərar verilir”.
ABŞ diplomatının son fikirlərindən belə qənaətə gəlmək olar ki, söhbət digər həmsədr ölkələrdən, xüsusilə də Rusiyadan gedir. Düzdür, adətən Qarabağ məsələsində ABŞ və Rusiya arasında ziddiyyətli mövqelər müşahidə olunmur - baxmayaraq ki, bu iki dünya gücü digər məsələlərdə “soyuq müharibə” vəziyyətindədir, amma Qarabağ məsələsi onları “birləşdirir”. Fransa və Rusiyada baş tutan görüşlərdən sonra XİN rəhbərlərinin sayca üçüncü həmsədr ölkənin paytaxtında bir araya gəlməsi normaldır. Lakin bu da faktdır ki, Qarabağ tənzimlənməsində təşəbbüsün digər tərəfə keçməsi daim qıcıqla müşahidə olunub. Xüsusilə də söhbət dövlət başçılarının görüşünə ev sahibliyindən gedirsə, Rusiyadakı müəyyən dairələrin buna laqeyd yanaşacağı normal görünmür.
Xatırladaq ki, 2016-cı ilin martında ABŞ-da nüvə təhlükəsizliyi ilə bağlı keçirilən sammit çərçivəsində Azərbaycan və Ermənistanın birinci şəxslərinin görüşü planlaşdırılırdı. Lakin o zaman təmas xəttində Ermənistanın təxribatları baş verdi və aprel döyüşləri başladı. Nəticədə görüş baş tutmadı. Bu mənada amerikalı elçinin fikirləri uzaqgedən nəticələr çıxartmağa imkan verir. Münaqişə tərəfləri burada müzakirə və mübahisə mövzusu ola bilməz, çünki hər iki tərəf danışıqlara hazır olduğunu bəyan edib. Elə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Brüsseldə bəyan etdi ki, Azərbaycan substansiv danışıqlara hazırdır.
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Brüsseldəki son qısa görüşü barədə də danışıb. AzadlıqRadiosunun erməni redaksiyasının “Sizin Elmar Məmmədyarovla ayrılıqda söhbətiniz oldumu” sualına erməni nazir belə cavab verib: “Əgər siz söhbəti, ünsiyyəti nəzərdə tutursunuzsa, bu, belə formatda görüşlər üçün normal haldır. Biz də insanıq və bir-birimizlə ünsiyyətdə ola bilərik. Və vacib deyil ki, hər bir ünsiyyət zamanı müzakirəsi üçün əlimizdə əsas olmayan məsələlərə toxunaq...” (Moderator.az). Nazirlərin növbəti görüşünə əngəl yaradacaq tək amil işarənin üçüncü paytaxtdan verilməsi ola bilər...
Politoloq Tofiq Abbasov Vaşinqton görüşü mövzusunda “Yeni Müsavat”a danışarkən bildirdi ki, siyasi prosesdə elə bir gözəçarpan dəyişiklik yoxdur: “Hər şey köhnə qaydada davam edir, yəni Azərbaycan işğalçı tərəfi ağıla və müdrikliyə dəvət edir, Ermənistan isə öz dağıdıcı xəttini müxtəlif gediş və oyunbazlıqla davam etdirir ki, bunun sonu çox acınacaqlı olacaq. Burada dərin məntiq axtarmağa ehtiyac yoxdur - ya sülh naminə təmaslar davam etdiriliməlidir, ya da onların səmərəsiz olduğu diqqətə çatdırılıb yeni format, ya da yeni yanaşma tətbiq edilməlidir. Amma bütün hallarda işğalçı qoşun Azərbaycan ərazilərini tərk etməlidir. Bu olmasa, heç bir sülhdən danışmağa dəymir”.
O ki qaldı Vaşinqtondakı görüşlərin mahiyyətinə, T.Abbasov bildirdi ki, orada yeni bir element və ya işlək mexanizminin ərsəyə gələcəyinə inanmır: “ABŞ Rusiyanın fəal moderatorluğunu qətiyyən həzm edə bilmir, buna görə də prosesdə özünün dominant olmasını həkk etdirməyə çalışır. Əgər Rusiyada erməni lobbisi cidd-cəhdlə çalışırsa ki, sülh prosesi çöksün, elə Amerikadakı erməni təşkilatları da bu istiqamətdə daha böyük səylə fəaliyyətlərini davam etdirirlər... Bunları nəzərdən keçirdikdə istər-istəməz müharibə yolunun yeganə alternativ olması ilə razılaşmamaq olmur”.
Moskva və Vaşinqtonun Qarabağ siyasətinə toxunan T.Abbasov bildirdi ki, ABŞ və Rusiya heç vaxt müttəfiq olmayacaq: “İndiki geosiyasi konyunktura göstərir ki, onlar bir çox hallarda bir-birinin acığına hərəkət edirlər, sabotaj metodikasından geniş istifadə edirlər. Münaqişəli vəziyyətlərə gəlincə isə onların hər birinə vacibdir ki, barışıq, ya həll yolu onlardan birinin diplomatik zəfərinə çevrilsin. Yaxın Şərq problemində bu iki nəhəngin amansız rəqabəti problemin dərinləşməsinə səbəb oldu. Bəyəm Vaşinqton və Moskva vahid yanaşma sərgiləsəydilər, böhran cilovlanmazdımı? Əlbəttə ki, həllini tapardı. Məhz onların bir-birinə maneə yaratması vəziyyəti yan üstə saxlayır... Həmin vəziyyəti biz Qarabağ münaqişəsi kontekstində də müşahidə edirik. Ancaq bu müstəvidə vacib nüans var. Amerika harada müharibə və gərginlik olursa-olsun, bir o qədər də üzülmür. Çünki onlar hamısı ABŞ hüdudlarından çox uzaqlarda baş verir. Qarabağ problemi isə Rusiya sərhədləri boyunca baş verir və Moskva müharibə və ya əlavə gərginliklərdə istər-istəməz sığortalamağa məcburdur. Bir də ki, bu məsələdə İran amili olduğundan Vaşinqton son dərəcə maraqlıdır ki, əlində işlək rıçaq və ya mexanizm olsun. Con Boltonun bölgəyə səfəri bir daha təsdiqlədi ki, Vaşinqton ilk növbədə özünün problemlərini həll edir və bunun üçün digər dövlətləri özü üçün sipər etməyə çalışır. Əslində bu vərdiş bütün fövqəlgüclərə xasdır”.
Ermənistan XİN rəhbəri Vaşinqton görüşünün anonsunu verib, özü də liderlər səviyyəsində keçiriləcək görüşün. Hələlik nə rəsmi Bakı, nə də həmsədrlər bu anonsa münasibət bildirib. Ancaq ola bilsin ki, bu açıqlamadan sonra erməni nazir Rusiyaya tərəf boylanıb, axı Lavrov təşəbbüsün əldən çıxmasını heç vaxt istəməz... \\musavat.com\\