“Mən həmişə qeyd etmişəm ki, siyasətlə peşəkar siyasətçilər məşğul olmalıdırlar”. Bu fikri “Yeni Müsavat”a Ümid Partiyasının sədri İqbal Ağazadə kinorejissor, Milli Şuranın yaradıcısı və ideoloqu Rüstəm İbrahimbəyovun son müsahibəsi haqda danışarkən bildirdi.
Ümid sədrinin sözlərinə görə, siyasətin içində olmayan birinin öhdəliklər götürməsi, prezidentlik iddiasına düşməsi axırda belə nəticələnir: “Siyasətlə peşəkarlar məşğul olmalıdırlar. Mən indi bilmirəm ki, İbrahimbəyovu həmin dövrdə Milli Şuradakılar prezidentliyə namizəd olmağa təhrik ediblər, ya yox, lakin siyasət siyasətçinin işidir”.
İ.Ağazadə “müxalifət düşərgəsində bundan sonra vahid namizəd anlayışı bitdimi” sualına belə münasibət sərgilədi:“Bizim üçün demokratik seçki istiqamətində çalışmaq vacibdir. Demokratik seçki mühitinin yaradılmasına nail olmalıyıq. Hamı seçkiyə qatılsın və mübarizə aparsın. Bizim üçün vahid namizəd anlayışı olmayıb”.
Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev isə qeyd etdi ki, həmin dövrdə İbrahimbəyovun namizədliyini tənqid edən az saylı siyasətçilərdən biri olub: “Həmin vaxt heç kim onu tənqid etmirdi, hamı ətrafına toplaşmışdı. Mən hesab edirəm ki, kənar ölkənin vətəndaşı olan birinin prezidentliyə namizədliyi və prezident olması dövlətə ziyan gətirə bilərdi. Ancaq İbrahimbəyov qeyri-səmimi danışıb. Əgər doğurdan da 75 yaşlı ziyalını aldadıb seçkiyə qatırlarsa, o zaman iradəsiz bir adam necə prezident ola, ölkəni idarə edə bilərdi?
Üstəlik, söhbət Qarabağ problemi olan, müxtəlif güclərin maraqlarının toqquşduğu bir ölkədən gedir. O halda İbrahimbəyov necə dövlətə rəhbərlik edəcəkdi? Yəni, namizədliyini iradəsiz irəli sürdüyünü, təhrik olunduğunu deməsi qeyri-səmimilikdir".
VİP sədri hesab edir ki, 2013-cü il layihəsi heç də İbrahimbəyovun iradəsizliyinin nəticəsi olmayıb:
“Bu, kənar güclərin, qurumların layihəsiydi, onun mərkəzində İbrahimbəyov fiquru dayanırdı, o da prosesə ”Milyarderlər İttifaqı" üzvü kimi qatılmşdı".
Ə.Əliyev Ukrayna nümunəsini misal göstərərək bildirdi ki, demokratik prosesdə heç nəyi proqnozlaşdırmaq olmur: “Aktyor qalib gələ bilər. O baxımdan vahid namizədlə getmək yox, qoy hər kəs seçkidə iştirak eləsin. Lakin daha yaxşı olar ki, hərə öz işi ilə məşğul olsun”.
Xatırladaq ki, kinodramaturq Rüstəm İbrahimbəyov “Dojd” telekanalına müsahibəsində deyib ki, prezidentliyə namizəd olmaq istəmirmiş.
Onun sözlərinə görə, müxalifət qüvvələri onu prezident postuna öz namizədliyini irəli sürməyə təhrik ediblər. Və o, öz keçmiş qərarına görə çox heyfsilənir: “Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandıran bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər”.
R.İbrahimbəyov deyib ki, seçkilər məsələsi ortaya gələndə heç gözləmədiyi halda ona məhz namizədliyini irəli sürəcəklərini bildiriblər: “Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq”.