Azərbaycanda illərdir ki, dəfələrlə müxalifət partiyalarının birlikləri çətinliklə də olsa müəyyən formatlarda alınıb. Lakin o da məlumdur ki, bu birliklərin ömrü uzun sürməyib və müsbət nəticələr vermədən dağılıb. Bir sözlə, ya birləşmək daim bir problem olaraq qalıb, ya da reallaşan birliklər dava-dalaşla dağılıb. Bu tendensiya indi də müşahidə edilir. Ötən ilin sonları, bu ilin ilk iki ayında müxalifət düşərgəsində müşahidə olunan birləşmə meylləri çox keçmədi ki, qarşıdurmalarla, ayrılmalarla əvəzləndi. Bəs müxalifət nədən özünün yaratdığı birlikləri dağıdır?
Bu komanda nə üçün uzun müddət bir yerdə fəaliyyət göstərə bilmir?
AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan siyasi səhnəsində bu günə kimi müxtəlif tərkibdə və müxtəlif formatda müxalifət birlikləri və bloklarının yaranması faktdır. O da həqiqətdir ki, bu birlik və bloklar ya səssiz şəkildə, ya da qarşılıqlı ittiham və tənqidlərlə, hətta təhqirlərlə işinə xitam verib. Prinsip etibarilə əslində burada qeyri-adi bir şey yoxdur. Dünyada da bu belədir ki, bloklar yaranır və dağılır. Sadəcə olaraq, bizim cəmiyyətdə “siyasi birlik” anlayışı məişətdəki “dostluq, qardaşlıq” anlayışı ilə qarışdırılır: “Həyatdakı ”dostluq və qardaşlıq" səmimiyyət, fədakarlıq, qarşılıqlı güvən və bu kimi başqa ülvi hisslər üzərində qurulduğu halda siyasətdəki “birliklər” maraqlar, hədəflər, ambisiyalar, qrup maraqları və sair kimi rasional yanaşmalar ətrafında baş tutur. Təbiidir ki, birliklər məsələsinə bu iki fərqli anlayışları qarışdıraraq yanaşdıqda heç də xoş olmayan təsvir meydana çıxır. Ancaq bunun çox sadə izahı var. Müxtəlif ideya və liderlər ətrafında toplaşmış siyasi partiyalar öz maraqları çərçivəsində bir-birləri ilə birləşir, sonra isə başqa maraqlarının təsiri ilə ayrılırlar. O da doğrudur ki, bu birliklər dağılanda köhnə müttəfiqlər maksimum diqqətli və korrekt olmağa çalışmalı, bir-birilərini ittiham etməməli, tənqiddə bəzi qırmızı xətləri keçməməli və sabah mümkün olası birliklər üçün belə demək mümkünsə, “ayaq yeri” qoymalıdırlar".
Müsahibimiz hesab edir ki, blok və birliklərin dağılma səbəbləri içərisində şəxsi ambisiyaları, ümumi dil tapılmamasını, qarşılıqlı dialoq və konsensus çatışmazlığını, hətta hakimiyyətin bu parçalanmada maraqlı olmasını da göstərmək olar: “Əslində bu belə də olmalıdır. Yəni bu proseslər təbiidir. Burada dünyaca məşhur ingilis siyasətçisi Çörçilin ”Britaniyanın daimi dostları yoxdur, daimi maraqları var" deyimi tam yerinə düşür. Nə qədər insan var, nə qədər müxtəlif ambisiya, müxtəlif maraqlar və hədəflər varsa bu belə də olacaq. Siyasi partiyaların əsas işi nə olursa-olsun insanları özünə inandırmaq və hədəflərə varmaq naminə cəmiyyətlə birlikdə hərəkət etməyə nail olmaqdır. Əslində bütün niyyət seçiciləri və vətəndaşları öz ideya və partiyanın ətrafında təşkilatlandıraraq uğura nail olmaq olmalıdır. Zatən bütün növ siyasi gedişlər və addımlar da buna hesablanır".
AMİP katibi Əli Orucov da hesab edir ki, müxalifət partiyalarının zaman-zaman birləşmələri, müxtəlif kombinasiyalı birliklər və bloklar yaratmaları siyasi uyğunluqdur. Siyasətdə də əbədi heç nə olmur. Atılan addımlar bəlli zamanlarda və uyğun maraqlara hesablanır. Lakin burada müəyyən səhvlərin olması da etiraf edilməlidir: “Çünki bu səhvlər təhlil edilib aradan qaldırılmayanda təkrarlanır və ümumi fəaliyyətə zərər vurur. O səhvlər ondan ibarətdir ki, partiyalar arasında birliklər adətən ideoloji və təməl prinsiplər üzərində qurulmalıdır, lakin Azərbaycanda bu tələbə əhəmiyyət verilmir, təsnifatlar nəzərə alınmır-sağdır, soldur, mərkəzçidir və sair. Birləşmələr baş verərkən partiyaların yerli təşkilatlarının fikirləri nəzərə alınmır və məsələ daxili süzgəcdən yarımçıq keçirilir. Əsasən liderlərin mövqeyi həlledici olur. İnteqrasiya prosesi ləng gedir, bəzən blok və birliklər çox qısa zamanda yaranır və uzaq hədəflərə hesablanmır. Bu halı seçkilər öncəsi dəfələrlə müşahidə etmişik. Qarşılıqlı inam və etibar o qədər zəif olur ki, hər hansı bir şübhə ciddi fəsadlara yol açır. Bunlar müxalifət partiyalarının yanlışlıqları üzündən olanlardır”.
Ə.Orucov qeyd etdi ki, müxalifətçilərin birliklərinin uzun sürməməsində iqtidarın da təsirli rolu var.