“Manatın effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb”

“COVID-19 pandemiyası şəraitində manatın real effektiv məzənnəsi yüksəlir, hətta son 5 ildə ən yüksək həddə çatıb”.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib. O qeyd edib ki, son beş ildə Azərbaycan iqtisadiyyatı ikinci dəfədir ki, xarici şokların təsiri altında tarazlıq səviyyəsini dəyişir:

“Bu mənada manatın real effektiv məzənnəsinə müsbət və mənfi təsiri olan arqumentlər var. Real effektiv məzənnənin Mərkəzi Bankın uçot dərəcəsi ilə düz mütənasib əlaqəsi vardır. Son dəfə Mərkəzi Bank uçot dərəcəsini 7,25 faizdən 7 faizə endirib. Bu qərar inflyasiyanın və inflyasiya gözləntilərinin azalması və valyuta bazarında stabilliyin davam etməsi, beynəlxalq konyunkturun qismən yaxşılaşması nəzərə alınmaqla, həmçinin investisiya fəallığının artırılması üçün qəbul edilib.

3,5 milyard manatlıq anti-böhran tədbirlərinin həyata keçirilməsinə başlanması pul bazasının da may ayında 8,5 faiz genişlənməsinə zəmin yaradıb. Növbəti aylarda da pul bazasının fiskal siyasətin tələbinə uyğun olaraq bu ilin aprelində düşdüyü minimum səviyyədən artacağını proqnozlaşdırmaq mümkündür. Uçot dərəcəsinin aşağı salınması və pul bazasının genişlənməsi manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərir”.

Azərbaycan əhalisinə dəstək: Kreditləri dövlət ödəyəcəkDövlət tərəfindən pandemiyadan əziyyət çəkən sahibkarlara dəstək məqsədi ilə kredit ödənişlərində müəyyən güzəştlər ediləcək.

"Ölkə.Az" xəbər verir ki, bu barədə “İTV Xəbər”də məlumat verilib. Əsasən iki formada təqdim ediləcək güzəştlər paketi yaxın günlərdə iş adamlarının istifadəsinə veriləcək.

Daha ətraflı videodan izləyin:

Prezidentdən Biləsuvarın su təminatının yaxşılaşdırılması ilə bağlı SƏRƏNCAMPrezident İlham Əliyev Biləsuvar rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 455 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Bakıda ucuz mənzillər bahalaşıb

Bakıda mənzil bazarında qiymətlər dəyişib.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, may ayı ərində Bakıda təkrar mənzil bazarında ümumi qiymətlərdə 0.41 faiz artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.70 faiz azalma müşahidə edilib.

Onun sözlərinə görə, təkrar mənzil bazarında əsas azalma bahalı evlərdə müşahidə edilib, orta və ucuz evlərdə isə qiymətlərdə stabillik var. Orta qiymət 1 kvadratmetr üçün 1,702 manat təşikil edib.
N.İbrahimov vurğulayıb ki, ilkin mənzil bazarında ay ərzində 7.22 faiz, il ərzində isə 9.11 faiz artım olub. Onun sözlərinə görə, bahalı mənmzillərdə ucuzlaşma var, ucuz mənzillərdə isə bahalaşma olub. İlkin mənzil bazarında 1 kvadratmetrin orta qiyməti 1425 manat təşkil edib.

Ümumilikdə isə daşınmaz əmlak bazarında may ayında 2.23 faiz artım qeydə alınıb. Ötən ilin eyni ayı ilə müqayisədə isə artım 3.56 faiz təşkil edib.

Dünya KİV-ində yayılan “qorxulu” xəbərlər, neftin gərəksizliyi barədə verilən süjetlər, isveçli Qreta Tunberqin ekoloji fəaliyyəti, koronavirusun fəsadları yalnız bir məqsədə xidmət edir: varlı ölkələrin ucuz qiymətə daş kömür, neft və qaz ehtiyatlarının artırılmasına

Atom elektrik stansiyaları 2019-cu ildə ilk dəfə “yaşıl” elektrik stansiyalarına rəqabətdə uduzublar. Yəni külək generatorları, günəş batareyalarının istehsal etdiyi enerjinin miqdarı daha artıq olub. İstehsal olunan enerjidə hər iki tərəfdə artım olub, sadəcə alternativ enerji istehsalında artım 13 faiz olmaqla 2,8 petavatt-saat təşkil edib. Atom elektrik stansiyalarında ümumi göstərici 2,796 petavatt-saat olub. Bu barədə “BP Statistical Review” şirkətinin yaydığı məlumatda bildirilir.

“Yaşıl” energetika dünyaya tələb olunan enerjinin çox az hissəsini təklif edə bilir

Alternativ enerjinin daha çox inkişaf etdiyi məkan Avropa Birliyidir. Əlbəttə, ekoloji durumun pisləşməsi yeni və daha təhlükəsiz enerji istehsal edən texnologiyaların tətbiqini qaçılmaz edir. Öz ölkəsinin təhlükəsizliyini təmin etməyə çalışan dövlətlər həm qanunvericilik, həm də texnoloji müstəvidə xeyli iş görürlər. Böyük Britaniya yaxın 10-15 ildə benzinlə işləyən bütün avtomobilləri öz ərazisindən yığışdırmağa hazırlaşır. Hidrogen və elektriklə işləyən avtomobillər köhnə maşınları əvəz edəcək. İlk mərhələdə ictimai nəqliyyatda avtobusların yenilənməsinə başlanılıb. Koronavirus pandemiyası Avropa Birliyi və Böyük Britaniyanı bu prosesi daha da sürətləndirməyə məcbur edir.

Əlbəttə, Yer planetində olan bütün enerjini Günəşdən alırıq. Bu enerji neft, qaz, daş kömür, uran, plutonium kimi ehtiyatlarda toplanır. Maddi forması olan hər şeydə enerji var. Bitkilər günəş enerjisini toplayan ən ideal “nanotexnologiya”dır. Yer kürəsi Günəşdən gələn enerjinin cəmi 1 faizi ilə dolanır. Əgər bu enerjidən daha bir faizini qoruyub saxlaya bilsəydik, dərdimiz olmazdı. Amma bəşəriyyətin indiki durumunda nə külək generatorları, nə də günəş batareyaları mükəmməl deyil. Ekologiyanı qorumaq, daha təhlükəsiz həyat tərzi təklif etmək, havanın təmizlənməsinə nail olmaq ətrafında xeyli müzakirə aparılsa da, effektivlik baxımından “yaşıl” energetika dünya iqtisadiyyatına tələb olunan enerjinin çox az hissəsini təklif edə bilir.

Pul lazımdır, deməli, nefti neçəyə gəldi satırlar

Azərbaycan neft-qaz ölkəsi olduğu üçün dünya bazarında bu enerji növlərinə olan tələbatın azalması, qiymətin enməsi, hətta neft erasının bitməsi kimi xəbərlərin paylaşılması ölkə iqtisadiyyatına ciddi və duyulan zərbə endirir. Neft xəbərləri bir axınla gəlir, qiymətin dəhşətli dərəcədə enəcəyi bildirilir. Çin, ABŞ, Avropa Birliyi ölkələrində qəbul edilən hər hansı bir qərar birjalarda o dəqiqə özünü hansısa formada əks etdirir. Neft istehsal edən ölkələr arasında da birlik olmadığından hərə qəbul olunmuş qərarları pozmağa çalışır. Pul lazımdır, deməli, nefti neçəyə gəldi satırlar. Məsələn, Səudiyyə Ərəbistanı hələ mart ayında 10 ABŞ dollarından endirim təklif edirdi. Bu tendensiya indi də davam edir.

Dünyanın aparıcı ölkələri yeni standartları tətbiq edir, ekoloji təhlükəsizliyə can atırlar. Böyük media qurumları da bu tendensiyanı dəstəkləyir, hər addımbaşı yeni texnologiyadan danışılır, süjet hazırlanır, təbiəti qorumağın əhəmiyyətindən yüzlərlə sənədli film çəkilir. Amma bir həqiqət çox zaman qabardılmır, arxa planda qalır. Bu da faydalı ehtiyatların dünyanın enerji balansında roluna bağlıdır. Dünyanın enerjiyə olan tələbatının üçdə birini hələ də daş kömür ödəyir. Neftin də, qazın da payı olduqca böyükdür. Avtomobilləri əvəzləmək olar, amma sənayeyə lazım olan həcmi “yaşıl” energetika ödəyə bilmir.

Məqsəd dünyanın neft-qaz resurslarını aşağı qiymətə əldə etməkdir

Dünya KİV-ində yayılan “qorxulu” xəbərlər, neftin gərəksizliyi barədə verilən süjetlər, isveçli Qreta Tunberqin ekoloji fəaliyyəti, koronavirusun fəsadları yalnız bir məqsədə xidmət edir: varlı ölkələrin ucuz qiymətə daş kömür, neft və qaz ehtiyatlarının artırılmasına. Kimin imkanı, rezervuarı varsa, 10-15 dollarlıq neftdən alıb yığacaq. Özü də bu prosesin daimi olması üçün lazım gəlsə, lap 100 dəfə pandemiya, iqtisadi böhran, müharibə, lokal hərbi münaqişə, haker hücumu və digər bəla təşkil etmək olar. Bəzən zəlzələ, sunami, quraqlıq, daşqın, qasırğa da yerinə düşər. İnsanlar üçün bəla kimi görünən hadisələrdən kimlərsə çox yaxşı mənfəət əldə edirlər.

Bizim sivilizasiya üçün neftdən-qazdan əhəmiyyətli nəsə tapmaq çətindir. Hazır enerjidir, hər işə yarayır. Həm də sənayedə istifadə edilən xammalın çoxu elə neftdən alınır. Sabah olmasa, nəyləsə əvəzləmək lazım gələcək.

Dünya bazarında elə də böyük çəkisi olmayan “yaşıl” energetika bu gün beyinlərə təsir vasitəsi kimi istifadə edilir. Məqsəd də dünyanın neft-qaz resurslarını mümkün qədər aşağı qiymətə əldə etməkdir. Nefti satan uduzur, alan isə qazanır.

Supergüclərin oyununa qarışmaq olduqca təhlükəlidir. Burada yalnız oyunun qaydalarını gözləməklə müəyyən taktiki mənfəət əldə etmək olar. Strateji uğur qazanmaq üçün isə çinlidən və amerikalıdan daha çox işləməli, almandan daha səliqəli olmalı, yapondan daha səbirli görünməlisən. Həlli çətin görünsə də, mümkünsüz məsələ deyil.     /sputnik.az/

“Alış-verişlərinizi onlayn edin”

TƏBİB alış-verişlərlə bağlı vətəndaşlara müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, müraciətdə hər kəsə koronavirus (COVID-19) pandemiyası dövründə alış-verişin onlayn edilməsi tövsiyə olunur:

“Dostlar və əzizlərinizlə virtual görüşlərə üstünlük verin. Ehtiyac olmadıqca, kütləvi məkanlara getməyin. Bununla siz, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına kömək ola bilərsiniz”.

Suraxanıda yol-nəqliyyat sahəsində yenidənqurma davam etdirilir

Əmircan qəsəbəsində 4 kilometr uzunluğunda olan Səttar Bəhlulzadə, Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələrini birləşdirən yolda asfaltlanma işləri davam etdirilir. 

“Qafqazinfo” xəbər verir ki, hazırda sözügedən yolun Malik Mustafayev küçəsindən 10-cu dairəyədək olan hissəsində asfalt örtüyünün 2-ci qatı vurulur. Yol boyu bordur düzülərək piyadalar üçün yeni səkilər qurulub. 

Qeyd edək ki, son 8 ayda Suraxanı rayonunun ərazisində nəqliyyatın rahat və maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin gediş-gəlişinin asanlaşdırılması üçün Qaraçuxur qəsəbəsində Məktəb, Fərman Kərimzadə, Cəlal Qurbanov, Zaur Şərifov, Rafiq Alıcanov, Yusif Eyvazov, Nizami İsmayılov, Etibar Bəkirli, Abbas Fətullayev, İlqar Musayev, Samir Cəfərov küçələri, Yeni Günəşli “V”, “D” yaşayış sahələri, Babək prospektindən Yeni Günəşli yaşayış sahəsinə gedən yolda, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov və Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçələrinin kəsişməsi, Əmircan qəsəbəsində Balandin, Park, Elxan Həsənov, Səttar Bəhlulzadə, Atamoğlan Rzayev, Əlisöbət Sumbatzadə, Nəriman Nərimanov, Tahir Bağırov, Mədən, İlham Şükürov, Oktay Əliyev, Tofiq Bayram, Cabir Əliyev, Cəfər Cabbarlı, Bülbülə qəsəbəsində İlqar Məmmədov, Ramiz Qarayev, 1-ci Bülbülə, Şərq, Samir Əliyev küçələri, Hövsan qəsəbəsində Südçülük və Donuzkökəltmə sovxozu adlandırılan yaşayış sahələri, Oqtay Şabanov, Elman Qasımov, Dənizkənarı, İbiş Məmmədov, Məktəbli, Mirzə Şəfi Vazeh küçələri, Məktəbli küçəsindən qəbiristanlığa gedən yolda, Binə sovxozunda Məscidə gedən yolda, Yeni Suraxanı qəsəbəsində 14 İyul, Aşağı qəsəbə, Yuxarı mədən, Göl, Telman Nərimanov küçələri olmaqla ümumilikdə 482 000 kv.m asfalt örtüyü vurulmuş, həmçinin çala təmiri işləri yerinə yetirilib. Aparılan abadlıq işləri çərçivəsində işıqlandırılması olmayan ərazilərdə küçə işıqlarının quraşdırılması işləri də davam etdirilir.

 





 
Prezident Dövlət Agentliyinə 5,6 milyon manat ayırdı

Prezident İlham Əliyev Salyan rayonunun Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, altı min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

İlham Əliyev Dövlət Agentliyinə vəsait ayırdı
Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,85 milyon (iki milyon səkkiz yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Gələn ay ərzində 4 ölkə Azərbaycanla hava sərhədlərini açacaq.

Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına iyulun 1-dən sonra baxılacaq. Rusiya isə iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemiyası ilə əlaqədar dayandırılan beynəlxalq hava əlaqəsini bərpa edəcək.

Məlumata görə, bundan sonra avqustun 1-dən etibarən Rusiyadan Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin, payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Aviaşirkətlər iyunun ortalarından başlayaraq biletlərin satışını təşkil edə biləcək.

Azərbaycanla Türkiyə arasında uçuşlar da iyunun 15-də bərpa oluna bilər. Azərbaycan tərəfi beynəlxalq uçuşların bərpası ilə bağlı heç bir qərar verməsə də, Türkiyə artıq bu barədə açıqlama verib.

 

Macarıstanın “Wizzair” aviaşirkəti isə iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcəyi ilə bağlı açıqlama verib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurumda bu barədə heç bir məlumat yoxdur:

“Bildiyiniz kimi, ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb. Başqa ölkələrin Bakıya uçuşları bərpa etməsi ilə bağlı isə bizə məlumat daxil olmayıb”.  /Day.Az/