“Braqa” çox güclü rəqibdir.
Fantastik qələbəyə rəğmən hələ də təhlükəli rəqib olaraq qalmaqda davam edir. “Braqa” Avropa Liqasında təkcə “Qarabağ”a yox, istənilən rəqibə qarşı da başabaş oynaya biləcək komandadır. Onların oyunçu potensialı da buna imkan verir. Amma “Qarabağ” intizamlı və diqqətli oynayaraq qələbə qazandı. Hiss olunur ki, Qurban Qurbanov rəqibi çox yaxşı analiz etmişdi.
Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev “Qarabağ”ın “Braqa”nı səfərdə 4:2 məğlub etməsi ilə bağlı danışarkən deyib.
“Qarabağ” möhtəşəm oynadı. Nə qədər müsbət sözlər desək də azdır. Xüsusilə oyun intizamından söhbət gedirsə, “Qarabağ” özünü zirvədə apardı. Təbii ki, komanda ideal deyildi, boşluqlar var. Səhvlər də oldu ki, nəticəsində 2 top buraxdıq. Cavab görüşündə işimiz o qədər də asan olmayacaq. Çünki biz “Braqa”nı tanısaq da, “Braqa” bizi tanımırdı. Ümumiyyətlə, klub olaraq “Qarabağ”a ciddi baxmırdı. Oyundan da göründüyü kimi, sona yaxın bir qədər özlərinə gəldilər və bunu cavab görüşündə də edə biləcəklər”, - ekspert bildirib.
Məstəliyev bildirib ki, cavab görüşü bizim üçün çətin olacaq:
“Çox diqqətli olmalıyıq. İlk matçda etdiyimiz səhvləri təkrarlamamalıyıq. Hesabı qorumaq haqda düşünəcəyiksə, bu, böyük səhv olar. Yalnız müdafiə olunsaq, rəqib çox asanlıqla qapımıza qol vuracaq. Ona görə də daha çox hücumda olmaq, rəqibi meydançanın ona aid olan hissəsində qarşılamaq və oyunu da orda həll etmək lazımdır. Rəqibin çox güclü olmasına baxmayaraq, cavab görüşündə də biz istədiyimiz nəticəni əldə edə biləcəyik. “Qarabağ” bu turu keçəcək”.
Qeyd edək ki, "Qarabağ" "Braqa"nı ötən gün səfər oyununda 4:2 hesabı ilə məğlub edib.