AFFA İntizam Komitəsi XXVII Topaz Premyer Liqasının XX turunun “Sumqayıt” – “Neftçi” matçında baş verənlərlə bağlı qərar verib.
Bununla bağlı AFFA-nın saytı məlumat yayıb.
Bildirilib ki, oyunun 78-ci dəqiqəsində “Sumqayıt” klubunun 1 №-li futbolçusu Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün üç oyun cəzalandırılıb, klub 2400 manat cərimə olunub.
Bundan başqa, oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyun cəzalandırılıb, klub 800 manat cərimə olunub.
Eyni zamanda, oyunun 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.
Qarşılaşma zamanı “Sumqayıt”ın 4 futbolçusu, “Neftçi”nin səkkiz futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.