“Çətin oyun keçəcəyini bilirdik. Çünki "Neftçi"yə qarşı çıxış edirdik. Rəqib lider olsa da, onlarla başabaş mübarizə apardıq, yaxşı futbol göstərdik. Çünki bu görüş uğursuzluq zolağından çıxmaq üçün bizə bəlkə onlardan da vacib idi. 1:0 hesabı ilə öndə olmağımıza baxmayaraq, sonda məğlub olduq. Çox məyusuq. Əsas odur ki, "sınmayaq”. “Ölkə.Az”ın “Report”a istinadən məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Əfran İsmayılov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçından sonra jurnalistlərə müsahibəsində deyib.
31 yaşlı yarımmüdafiəçi digər sualları da cavablandırıb:
- Epizodların birində Ehtiram Şahverdiyevə qarşı hərəkətə görə penaltinin təyin edilməli olduğunu iddia edirdiniz...
- Açığı, həmin epizodu mən görmədim. Ehtiramdan soruşdum, dedi ki, ona qarşı kobudluq edilib, penalti var idi. Təkrarına baxsaq, daha yaxşı görünər. Həmçinin qapıçımız da qırmızı vərəqə aldı. Hansı qərarın doğru, hansının yanlış olduğunu təkrara baxdıqdan sonra biləcəyik. Ümumiyyətlə, hakimlər oyunu itirmişdi. Həm dördüncü hakim, həm də baş hakim cavan idi. Aləm dəymişdi bir-birinə.
- Sona 8 tur qalıb və turnir cədvəlinin axırıncı pilləsində qərarlaşmısınız. "Zirzəmi"dən qurtula biləcəksiniz?
- Hələ də turnir cədvəlində yuxarılara yüksəlmək şansımız var. Üstəlik, ölkə kubokunda da yarımfinaldayıq. Bu psixoloji durumdan çıxmasaq, heç cür özümüzə gələ bilməyəcəyik. Psixoloji cəhətdən "sınmaq" olmaz. Bu gün də yaxşı çıxış etdik. Bu oyunu davam etdirmək və bir az da "artırmaq" lazımdır. Bir qələbə hər şeyi dəyişəcəkdi. Son dəqiqələrdə buraxılan qollar oyunun taleyini həll etdi. - Yenidən milliyə dəvət gözləyirsiniz?
- Çağırsalar, gedəcəyik, çağırmasalar da heç bir problem olmaz. Bu barədə çox fikirləşmirəm.
- Bəs özünüzü milliyə hazır sayırsınız?
- Əlbəttə. Klubumda oynayıram və yığmaya hazıram. Baş məşqçi də bilir ki, əsas heyətdə oynayanlar formada olur. O da oynayanları çağırmaq istəyir. Millidə çox olmuşam. Bilirəm ki, bütün məşqçilər seçim zamanı buna üstünlük verirlər. Baş məşqçim deyir ki, fiziki durumum da qaydasındadır. Bu amilləri nəzərə alsaq, bəli, hazıram.
- Karyeranızda ilk dəfədir ki, sonuncu pillədə qərarlaşan komandada çıxış edirsiniz. "Neftçi" və ya "Qəbələ"yə keçəcəyinizi gözlədiyimiz vaxt "Sumqayıt"a üz tutdunuz. Yay fasiləsində klubunuzu dəyişmək haqda düşünürsünüz?
- Açığı, Türkiyəyə getməli idim. Belə bir variant var idi. Amma klub prezidenti Riad Rəfiyevlə görüşdükdən sonra fikirlərimiz üst-üstə düşdü və bura gəldim. Ciddi bir şey yoxdur. Hər bir futbolçunun karyrerasında belə dövr olur. Hələ də heç nə bitməyib. Kubokda bəlkə daha da irəlilədik. Əlimizi yanımıza salmamışıq. Baş məşqçimiz iddialı mütəxəssisdir. Çalışır ki, "sınmayaq". Ölkə kubokunda finala yüksəlsək, o da bizim üçün böyük nəticə olar. Əsas odu ki, mübarizəmizi davam etdirək.