Azərbaycan milli komandası Millətlər Liqasında Farer Adaları yığması ilə qarşılaşacaq.
“Qafqazinfo” xəbər verir ki, kiçik komandaların Avropa çempionatına getməsi üçün şans yaradan UEFA-nın yaratdığı yeni turnirdə artıq iki oyun keçirən komandamız evdə Kosovo və səfərdə Malta ilə heç-heçə edib.
Heç bir oyunda qələbə qazanmayan komandamız üçün Farer adaları kollektivi ilə matç ölüm-qalım mübarizəsi olacaq. Kosovonun evdə Malta ilə qarşılaşacağını nəzərə alsaq, əgər 3 xal qazanmasa, yığmamız üçün turniri qismən bitmiş saymaq olar.
Böyük ehtimalla Kosovo evdə 3 xal qazanacaq və xal ehtiyatını 7-yə çıxaracaq. Belə vəziyyətdə komandamız qalib gəlməsə, arada 4 xallıq fərq yaranacaq ki, bunu da son 2 turda aradan qaldırmaq inandırıcı deyil.
Bəs, Farer adalarında futbol hansı səviyyədədir? Milli komandaları hansı uğurları qazanıb?
Farer adaları millisi rəsmi olaraq FİFA-ya 1988-ci ildə üzv olub, UEFA isə bu komandanı 1990-cı ildən qəbul edib. Komanda ilk rəsmi oyununu Kanadaya qarşı keçirib və bu matçda da qələbə qazanıb. Farer adaları üçün ilk rəsmi seçmə mərhələ AÇ-1992-nin seçmə mərhələsi olub.
Həmin vaxt bu ölkədə stadion olmadığından komanda oyunlarını İsveçdə oynayırdı. Matçlarını Landskruna şəhərinin stadionunda keçirirdi.
Elə 1992-ci ildə keçirilən Avropa çempionatının seçmə mərhələsində onlar Avstriya ilə matçda 1:0 hesablı qələbə qazanmaqla hamını təəccübləndirmişdilər.
Farer adalarının əhali sayı 510 min nəfərdir. Ölkəni baş nazir idarə edir. Əvvəlki baş nazir ölkə milli komandasının qapıçısı Kayl Leo Holm Yohannsen olub. Hazırda isə ölkəyə Aksel Yohannsen rəhbərlik edir. O da öz növbəsində sabiq futbolçu olub. O, “Klaksvik” klubu ilə 1991-ci ildə ölkə liqasının, 1994-cü ildə ölkə kubokunun qalibi olub. Yohannsen həmçinin 100 metr məsafəyə qaçış yarışlarında da ölkə çempionudur. 1994-cü ildə “Myelnir” voleybol klubunun da üzvü olub.
510 min nəfərlik əhaliyə malik Farer adalarında 16 peşəkar futbol klubu fəaliyyət göstərir. Bunlardan 10-u əsas, 6-sı birinci liqada çıxış edir.
Azərbaycan çempionatına baxsaq, 9 milyon əhali sayı olan ölkənin əsas liqasında isə cəmi 8 peşəkar futbol klubu çıxış edir. Topaz Premyer Liqasından fərqli olaraq Farer adalarında çempionat qaydalara uyğun olaraq baş tutur və sonuncu yeri tutan aşağı diviziona, divizionda çempion olan əsas liqaya qayıdır.
Üstəlik, ölkədə hava şəraitinin pis olmasına, soyuq keçməsinə baxmayaraq futbol stadionları kifayət qədərdir.
Milli komanda isə oyunlarını Torsvollur stadionunda keçirir. Bu stadionun rəsmi rəqəmlərə görə 7 min tutumu olsa da, Farer adalarından olan həmkarımın verdiyi məlumata görə 5 min civarında azarkeş sığa bilər.
Yığma komanda üçün yeni inşa olunan stadionun tutumu isə cəmi 3400 nəfər olacaq.
Farer adalarında əhalinin sayı Bakı Olimpiya Stadionuna sığacaq qədər az olsa da, milli komanda Millətlər Liqasında yığmamızdan fərqli olaraq ilk qələbəsini qazanıb. Malta üzərində 3:1 hesablı qalibiyyət onların lider Kosovodan 1 xal geri qalmaqla, 2-ci yerdə qərarlaşmasına səbəb olub.
Futbolçularının əksəriyyətinin Danimarka, İsveç, Norveç kimi ölkələrin liqalarında oynaması, ada təmsilçisinin şanslarını da yüksəldir. Komandanın əsas hücumçusu Yohan Suymun Edmundson Almaniyanın Bilfild şəhərinin “Arminia” klubunda çıxış edir.
Bir sözlə Farer adaları ilə baş tutacaq oyunda komandamızın son zamanlardakı çıxışını nəzərə alsaq, qələbə şansı çox azdır. Baxmayara ki, bukmekerler Azərbaycanın qələbə qazanacağını düşünüb üstünlük verəcəklər.