Milli komandamızın üzvü Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib.
Bu yaxınlarda Premyer Liqa təmsilçisi “Krılya Sovetov”la 1 illik müqavilə bağlayan 22 yaşlı futbolçu maraqlı fikirlər səsləndirib.
- İki ildən sonra yenidən Rusiyaya qayıtdınız. Bu qərarı necə qəbul etdiniz?
- Ən əsası yeni, daha yüksək səviyyədə oynamaq üçün bunu etdim. Mənim üçün “Krılya Sovetov”a keçid irəliyə addımdır. Zəngin tarixi olan yaxşı komandaya gəldim. Yeni komandama kömək etmək üçün çox işləyəcəyəm. Məqsədim daha çox oynayıb, irəliləməkdir.
- Müqaviləniz cəmi 1 illikdir.Bu, nə ilə bağlıdır?
- İndiki məqamda bunun həm klub, həm də mənim üçün daha yaxşı variant olduğuna qərar verdik.
- Andrey Tixonov qarşısınıza hansı vəzifəni qoyub?
- Bura gəlməyimdə əsas məsələ baş məşqçinin məni öz komandasında görmək istəməsi idi. Əlbəttə, heç kim mənim əsas heyətdə oynayacağıma zəmanət vermir. “Krılya Sovetov”da güclü rəqabət var. Amma bu təbii seçimdir: ən yaxşı olsam, oynayacağam.
- “Qarabağ”dan ayrıldıqdan sonra “Zenit”ə qayıtmaq barədə düşündün?
- Xeyr.
- “Qarabağ” haqda nə deyərdiniz?
- Ancaq yaxşı şeylər. Azərbaycanda oynamaq mənə rahat idi.
- Çempionlar Liqasında “Atletiko”nun pley-offa çıxmağına imkan vermədiyiniz üçün xeyli səs-küyə səbəb oldunuz...
- Doğrudur.
- Demək olar ki, ispanların Avropa Liqasında qalibiyyətə yolunu məhz “Qarabağ” açdı?
- Belə də demək olar (gülür). Bilirəm, “Atletiko” orada oynamaq istəmirdi. Amma görrsünüz, sonda qələbə qazandılar. Ümumiyyətlə, Çempionlar Liqası ilə bağlı ən xoş xatirələr qalıb. Biz gücümüzü ən yüksək səviyyədə sınadıq, “Çelsi”, “Roma”, “Atletiko” kimi əsl Avropa nəhəngləri ilə oynadıq. Ən yaddqalan oyun? Çox güman ki, “Atletiko” ilə səfərdə 1:1 oynadığımız matç. “Roma” ilə oyunlarımız da pis alınmadı – evdə 1:2, səfərdə 0:1 hesabı ilə uduzduq. “Çelsi” ilə aramızda elə də çox xal fərqi yox idi. Pley-offa çıxmaq şansımız var idi, ancaq alınmadı.
- Çempionlar Liqasında oynamaq sizə nə qazandırdı?
- Daim öz üzərində işləmək lazım olduğunu göstərdi. İlk baxışdan adi oyunçulara qarşı oynayacağını düşünürsən, amma meydanda onların bütün göstəricilərdə səndən üstün olduğunu görürsən. Onlar daha sürətli və texnikalıdırlar. Səviyyə tamam fərqlidir.
- “Qarabağ”la icarə müqaviləniz başa çatdıqdan sonra “Trabzonspor”a qayıtdınız. Sonra nə oldu?
- Hələ 1 illik müqaviləm qalmasına baxmayaraq, bu klubla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq.
- Gəlin, bu sualla Türkiyə karyeranızı yekunlaşdıraq. Nə alındı, nə alınmadı?
- “Zenit”lə müqaviləm başa çatdıqdan sonra Avropaya getməyi çox istəyirdim. Bunu etdim və heç nəyə görə peşman deyiləm. “Trabzonpor”da fövqəltəbii bir şey olduğunu söyləyə bilmərəm, ancaq gələcəkdə mənə kömək edə biləcək dəyərli təcrübə qazandım. Türkiyə və onun çempionatı xoşuma gəldi. Hər şey ən yüksək səviyyədə idi: oyunlar, azarkeşlər, meydançalar. Problem təkcə klubların rəhbərliyindədir. Amma bu barədə sizə heç nə deməyəcəyəm. Yerdə qalan hər şey yaxşı idi.
- Bir neçə il öncə sizi Sankt-Peterburq futbolunun ən istedadlı nümayəndəsi adlanaıdırdılar. Sizcə, “Zenit”də qalsaydınız, hər şey necə olardı?
- Heç kim bunu bilmir. Bir daha vurğulayıram, mən heç nəyə görə peşman deyiləm.
- O vaxt “Zenit” sizə yeni müqavilə təklif etmişdi?
- Bəli, amma mən istədiyim kimi deyildi. Hər zaman “Zenit”də oynamağı arzulamışam, amma müqavilə şərtlərini görəndən sonra getməyə qərar verdim. Türkiyədən gələn təklifi dəyərləndirməsəydim, başqa kluba keçəcəkdim.
- “Zenit”in müqaviləsində sizi nə qane etmədi?
- Tamamilə heç nə. Mənə görə, olmalı olan bu deyildi.
- Vladislav Radimov həmişə sizin haqda səmimi danışır. O, hələ də əmindir ki, siz yüksək səviyyədə oynaya bilərsiniz...
- Bəlkə də həqiqətən “Zenit”də oynaya bilərdim. Amma artıq olan oldu. Vladislav Nikolayeviç mənəçox kömək edib. Həm karyeramda, həm insan kimi formalaşmağımda rolu olub. Mən bunu səmimi qiymətləndirirəm. Amma həmişə bizə deyirdi ki, siz qərarı özünüz verməlisiniz. Mən də belə etdim. Ümid edirəm ki, o, mənim qərarımı başa düşdü və razılaşdı.
- Radimov hesab edir ki, sizin həlledici səhviniz vətəndaşlığınızı dəyişməyiniz oldu...
- Mən belə hesab etmirəm.
- “Zenit”ə qol vursanız, sevinəcəksiniz?
- Xeyr.
- AÇ-2020-nin oyunları bir neçə şəhərdə, eyni zamanda, Bakı və Sankt-Peterburqda keçiriləcək. Bununla bağlı Azərbaycan millisi öz qarşısına ən yüksək hədəfləri qoyub?
- Əlbəttə! Final mərhələsində iştirak etmək üçün 2 şansımız var. Həmin imkanlardan yararlanmaq istəyirik. Tezliklə Millətlər Liqası başlayacaq, sonra isə seçmə mərhələ. Bizim gənc, sürətli, hədəfləri olan komandamız var ki, öz məqsədlərinə nail olmağa qadirdir. Avropa çempionatında, xüsusilə də Bakıda oynamaq mənim çoxdankı arzumdur.
- Millətlər Liqasındakı rəqibləriniz Kosovo, Malta və Farer adalarıdır. İlk baxışdan elə də çətin qrupa düşmədiyiniz görünür...
- Bəli, amma Kosovo elə də adi rəqib deyil. Malta ilə səfər oyunumuz da asan olmayacaq. Ümumiyyətlə, hər bir komandaya qarşı sonadək oynamaq və qələbə qazanmaq lazımdır.