Bu gün ABŞ-ın Sent-Luis şəhərində “Sinkfild kuboku” superturnirinin V turu keçirilib.
Trend-in məlumatına görə, Azərbaycanı yarışda təmsil edən Şəhriyar Məmmədyarov bu dəfə fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb və heç-heçə edib.
Digər qarşılaşmalarda heç-heçə qeydə alınıb. Yalnız Fabiano Karuana (ABŞ) Sergey Karyakinə (Rusiya) qalib gəlib və vahid liderliyə yüksəlib.
Altı turdan sonra Karuana 4 xal ilə turnir cədvəlində birinci yerdə qərarlaşıb. İkinci-beşinci yerləri hərəyə 3,5 xal ilə Qrişuk, Karlsen, Məmmədyarov və Aronyan bölüşür. Altı və yeddinci yerləri hərəyə 3 xal ilə Anand və Vaşye-Laqrav tutur. Növbəti yerlərdə So (2,5 xal) və Nakamura (2) qərarlaşıb, Karyakin isə 1,5 xal ilə turnir cədvəlini qapayır.
Şənbə günü keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov Karyakinlə qarşılaşacaq.
Xatırladaq ki, Sinkfild superturnirində Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk, Sergey Karyakin (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) iştirak edirlər.
Turnir bir dövrə keçiriləcək və avqustun 27-si başa çatacaq.
Qeyd edək ki, yarışın mükafat fondu 300 min ABŞ dollarıdır. Qalib 75 min dollar qazanacaq.