Türkiyənin “Fənərbağça” klubu Rusiyanın “Zenit” komandasının futbolçusu Juliano Viktor de Paulanı icarəyə götürüb.
Axar.az xəbər verir ki, iyirmi yeddi yaşlı braziliyalı futbolçu bu gün axşam İstanbula gəlib. Yarımmüdafiəçi ilə sabah müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, peşəkar karyerasına 2007-ci ildə Braziliyanın “Parana” komandasında başlayan təcrübəli futbolçu sonralar “Internasional”, Ukraynanın “Dnepr” klublarının heyətində çıxış edib. Ötən mövsüm “Qremio” komandasından “Zenit”ə transfer olunan Juliano Viktor de Paula bu klubun heyətində 30 oyunda 8 dəfə fərqlənib. O, 2016-2017-ci il mövsümündə 8 qolla Avropa Liqasının ən yaxşı bombardiri seçilib.
Yarımmüdafiəçi Braziliya yığma komandasının heyətində 13 qarşılaşmada meydana çıxıb. O, Dünya Çempionatı 2018-in seçmə mərhələsi çərçivəsində avqustun 31-də Ekvador və sentyabrın 5-də Kolumbiya yığmaları ilə qarşılaşacaq Braziliya millisinin heyətinə çağırılıb.
Xatırladaq ki, İstanbul klubu bir müddət əvvəl İspaniyanın “Vilyarreal” komandasının və bu ölkənin yığmasının hücumçusu Roberto Soldadonu transfer edib.