Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ölkə hakimliyi çərçivəsində bir ilkə imza atıb.
Oxu.Az xəbər verir ki, ölkəmizin bir nömrəli hakimi sayılan Ağayev Yunanıstan Super Liqasının mərkəzi görüşü olan PAOK – “Atromitos” oyununda idarəçilik edib.
Salonikidə keçirilən görüşdə Super Liqanın lideri olan PAOK 3:0 hesabı ilə qalib gəlib. Ağayev meydan sahiblərindən “Qarabağ”ın sabiq braziliyalı futbolçusu Pedro Enrike də daxil olmaqla dörd futbolçunu cəzalandırıb.
Azərbaycanlı hakim ilk hissədə iki dəfə PAOK-un xeyrinə penalti təyin edib. Meydan sahibləri bunlardan yalnız birini qola çevirə bilib. Bundan başqa, 90-cı dəqiqədə qonaqların braziliyalı hücumçusu Bruno ikinci sarı vərəqə ilə meydandan qovulub.