Beynəlxaq təcrübədə gecə klublarının fəaliyyəti və ayrılan yerlər əsasən məkanın seçilməsindən başlayır.
Məkan doğru seçilərsə, insanların təhlükəsiz istirahəti üçün şərait yaradılarsa, o məkanlarda qaz təchizatından istifadəyə müsbət rəy verilir.
Bu sözləri Axar.az-a təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev aprelin 3-də Bakıda gecə klubunda propan qaz balonunun partlaması nəticəsində 1 nəfərin ölməsi, 37 nəfərin yaralanmasını şərh edərkən deyib.
O bildirib ki, beynəlxalq təcrübədə qaz təchizatıyla bağlı məsələlərdə ciddi və xüsusi qaydalar var. Obyektin yerləşdiyi məkandan asılı olaraq, texniki şərtlər müəyyənləşir:
“Obyektin yerləşdiyi məkan, ətrafından keçən infrastruktur, yüksək gərginlikli xətlər, ətrafdakı yaşayış məntəqələri, ictimai məkanlar hamısı nəzərə alınmaqla, potensial təhlükə riski olmadıqda obyektin qaz təchizatıyla bağlı məsələ həllini tapır”.
Ekspertin sözlərinə görə, balondan qaz sızması zamanı qaz kütləsinin bir kvadratlıq ərazidə iki-üç faizi yetər ki, güclü partlayışa səbəb olsun:
“Maye qazlarda isə bu rəqəm 4-5 faizdir. Partlayışın gücü 10-15 kvadratlıq otaq üçün yüz minlərlə ton zərbə qüvvəsi deməkdir. Buna görə Azərbaycanda zirzəmilər, kürsülü mərtəbələrdə kommersiya obyektlərinin, ictimai iaşə müəssisələri, mağazalar, anbarlar və insanların daha çox cəmləşdiyi məkanlarda qaz təchizatından, propan qaz balonlarından istifadə qanunla qadağan olunub. Bakıda yerləşən kafe, restoran, bar kimi ictimai-iaşə müəssisələrinin bir çoxu istər təzə, istərsə də köhnə binaların zirzəmisində və birinci mərtəbəsində fəaliyyət göstərir. Əksər müəssisələrdə propan qaz balonlarının istifadəsi təhlükə riskinin olması deməkdir”.
Ekspert Elmar Nurəliyev fikrincə, bu kimi halların baş verməməsi üçün mütləq qaydada geniş konsepsiya hazırlanmalıdır:
“Bütün obyektlərin spesifikasına uyğun olaraq təhlükəsizlik konsepsiyası qurulmalıdır. Önləyici tədbirlər planı bir-biri ilə əlaqəli, konsepsiyalı formada təşkil olunmalıdır ki, hadisələrin başvermə riski ya minimuma ensin, ya da hadisə baş verən zaman insanlar daha az zərərlə qurtulsun”.