Daxili İşlər Nazirliyi (DİN) Şəkidə dönərdən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.
Axar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Şəki Şəhər Rayon Polis Şöbəsinə 9 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanaya müraciət etməsi barədə məlumatın daxil olduğunu deyib.
Həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən “Gənclik” kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini bildiriblər.
Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb. Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertiza təyin edilib.