Azərbaycanda 6 nəfər COVID-19-dan sağaldı

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 6 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılıblar.
Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb.
Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.
Azərbaycanda daha dörd nəfərdə COVID-19 aşkarlandı

İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Bundan əvvəl xüsusi rejimli xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Koronavirus infeksiyası aşkarlanan digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.
Ermənilər Qazaxda yaşayış evlərini atəşə tutdu – Daha bir TƏXRİBAT

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, martın 13-də saat 11:45 radələrindən başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitə­ləri ER-nın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.
Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır. /bakupost.az/
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi
Azərbaycanda yüksək vəzifəli şəxslər həbs edilib.

 “Yeni Sabah xəbərinə görə, Oğuz – Qəbələ Regional Meşə İdarəsinin müdiri Qəribov İlqar Nəsrəddin oğlu və müəssisənin digər əməkdaşı Calalov İlqar Saməddin oğlu həbs olunub. Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Onlar barəsində cinayət məcəlləsinin 259.3-cü (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.

Maddənin sanksiyasında göstərilir ki, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -

doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nazirliyin əməkdaşını maşın vurdu
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsində qeydə alınıb.

Həmin yolda hərəkətdə olan "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində zərbənin təsirindən avtomobillərdən biri yolu keçən qadını vurub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan qadın Ədliyyə Nazirliyinin əməkdaşıdır.

Koronavirusdan ölən necə dəfn olunacaq?
Ötən gün koronavirusdan ölən qadının dəfn mərasimi mütəxəssislərin nəzarəti altında keçiriləcək.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan mediapost-un sorğusuna cavab olaraq bildirilib.

“Çox güman ki, mərasim qapalı və məhdud şəkildə olacaq. Mərhumun ailə üzvləri dəfndə hansısa şəkildə iştirak edə bilər, amma buraxılıb-buraxılmayacaqları barədə dəqiq məlumat yoxdur. Bu, mütəxəssislərin rəyindən asılıdır. Vəfat edən şəxs çox güman ki, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər mütəxəssislərin iştirak etdiyi xüsusi komissiyanın nəzarəti ilə dəfn olunacaq. Dəfn mərasimində vəziyyətə uyğun olaraq mütəxəssislərin rəyinə əməl olunmalıdır. Mərhumun nə vaxt dəfn olunması məsələsi isə qərargahın predmeti deyil”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının koronavirusdan dünyasını dəyişib. Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.

Ötən gün ölən koronaviruslu qadın haqda açıqlama
“Təəssüflər olsun ki, dünən bizim vəfat edən bir xəstəmiz olub. Hər yerdə qeyd olunur ki, bu, koronavirus səbəbindən itirdiyimiz ilk xəstədir. Əslində bu, belə deyil. Burada koronavirus əsas xəstəliklə yanaşı gedib”.

 “Qafqazinfo” xəbər verir ki, bu sözləri TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində deyib. Bildirib ki, xəstədə çox ciddi sistemik qurd eşənəyi deyilən xroniki bir xəstəlik olub:

“Həmin xəstə uzun müddət idi ki, müalicə alırdı. Bu xəstəlik immun sistemini zədələyir və müalicəsində istifadə olunan dərman preparatları immunodepresantlardır. Yəni xəstəni müalicə etmək üçün immun sistemini zəiflədən preparatlar verilir. Ona görə də bu xəstələrdə qorxduğumuz səbəblərdən biri infeksiyalardır. Çünki xəstələrə çox pis təsir edir. Burada ölümə əsas səbəb məhz koronavirus deyil”.

Xatırladaq ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadın ötən gün vəfat edib. Onda ciddi xəstəliklərlə yanaşı, koronavirus da aşkarlanıb.

Bakıda beton daşıyan yük avtomobili qəza törətdi
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 Trend xəbər verir ki, hadisə Binəqədi rayonunda avtovağzal yaxınlığında qeydə alınıb.

Belə ki, dönmə əməliyyatını düzgün yerinə yetiməyən yük avtomobili divara çırpılıb. Nəticədə beton piltə daşıyan avtomobil yolu bağlayıb. Hadisə səbəbindən Bakı Dairəvi 1 yolundan gələn avtomobillər üçün şəhərə giriş bağlanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Gənc qız burun əməliyyatı zamanı öldü
Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.

Report məlumatına görə, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.