Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 65 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Zərdab Rayon İcra Hakimiyyətindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rüşvət aldıqlarına görə, bu şəxslər saxlanılıblar:
İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu, İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov, həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov
Qeyd edək ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur.
Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.
Unikal.org avropa.info-ya istinadən xəbər verir ki, Sahid Əhmədov Bakıdan gedən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub.
S. Əhmədovla yanaşı, bir icra nümayəndəsi və bir bələdiyyə sədrinin də saxlanıldığı qeyd olunur.
“Xəbər saytlarında “22-ci bölmənin qarşısında polis zorakılığı” başlığı ilə yayılan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, araşdırmalar zamanı hər hansı zorakılıq, yaxud digər qanundankənar fakt təsdiqini tapmayıb:
“İyulun 27-də paytaxtın Nəsimi rayonu Füzuli və Rəşid Behbudov küçələrinin kəsişməsində nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşları hərəkət edən üç nəfərin sənədlərini təqdim etməsini tələb edib. Onlardan bir nəfərin icazəsi olmasına baxmayaraq, digər iki nəfər polisin qanunu tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərməklə, asayiş keçikçilərinin ünvanları nalayiq ifadələr işlədiblər.
Keçirilən tədbirlərə şəxsiyyətləri müəyyən olunan 1996-cı təvəllüdlü A.Dadaşov, 1984-cü il təvəllüdlü S.Məstanova saxlanılaraq müvafiq polis bölməsinə dəvət olunaraq, qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmas) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə barələrində protokollar tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib”.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 65 yaşdan yuxarı həkimlərin məcburi şəkildə işə çağırılması haqqında məlumatlara münasibət bildirib.
İnstitutunun direktoru Həqiqət Qədirova Oxu.Az-a açıqlamasında bildirib ki, heç bir həkim pandemiya ilə mübarizəyə məcbur edilməyib:
“Bir müddət əvvəl Nazirlər Kabineti 65 yaşdan yuxarı insanların evdən çıxmaması ilə bağlı qərar verdi və biz də həkimlərdən kim istəmədisə, işə çağırmadıq. Mənim və həkimlərimizin yaşı 65-dən yuxarı olsa da, işləmişik. Çünki biz bilirdik ki, işimiz vacibdir. Biz olmasaq, burada iş getməz. Amma heç kim məcbur işlədilməyib”.
H.Qədirova bir müddət əvvəl institutun 70 yaşlı həkim-bronxoloqu Faiq Ağayevin koronovirusdan ölməsinə görə müəssisənin ittiham edilməsindən də danışıb.
O bildirib ki, Faiq həkim xəstələrlə işləməyib:
“Bilirsiniz ki, biz vərəm xəstəliyi ilə mübarizə apardığımız üçün institut COVID-19-la mübarizəyə digər müəssisələrdən daha yaxşı hazırlıqlı oldu. Bizim geyimlərimiz, maskalarımız var idi və digər xəstəxanalar kimi çətinlik çəkmədik.
May ayının sonuna kimi burada yoluxanlar olmadı. Səbəb isə hazırlıqlı olmağımız idi. F.Ağayevin yoluxması burada baş verməyib. Qəribə ifadə olsa da, amma qohumları da etiraf edirdi ki, həkim bu xəstələrlə işləmədiyinə görə COVID-19-a yoluxacağına inanmayıb”.
Qeyd edək ki, bir müddət əvvəl Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında vəfat edib. Onun qohumları iddia edib ki, o və digər 65 yaşdan yuxarı şəxslər COVID-19-la mübarizə üçün işə məcbur çıxarılıb.
Koronavirusa yoluxmuş jurnalist Əmrah Fəqanoğlu vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistin həmkarları sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, virus səbəbi ilə son günlər vəziyyəti ağırlaşan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, əvvəl Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olan Əmrah Fəqanoğlu son olaraq İctimai televiziyanın Xəbərlər departamentində işləyirdi.
Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Report məlumatına görə, hadisə iyulun 27-i saat 13.00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynanan süd qazanında düşüb. Daha sonra uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma halı qeydə alınıb.
Report xəbər verir ki, kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxması aşkarlanıb.
Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.
Xəstələrin sayının artacağı istisna olunmur.
Qeyd edək ki, bir müddət əvvəl rayonun Sığırlı kəndində də təhlükəli infeksiyaya kütləvi yoluxma halı qeydə alınıb.
Azərbaycanda ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 32-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
İyulun 28-də Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.
Sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
APA-nın məlumatına görə, Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Xətai Rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov bir ay müddətinə inzibati qaydada həbs edilib.
Qərardan narazı qalan vəkil apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.