O bildirib ki, Zəngilan rayonu işğal olunanda oranın sakinləri çox çətinliklə evlərini tərk etdilər: "Onlar Araz çayını keçərək Bakıya pənah gətirdilər. Burada yaşayan insanlar çadır şəhərciklərində, vaqonlarda məskunlaşdılar. 30 il torpaq həsrətində idilər, amma bir gün də olsa bu camaat, ümumilikdə Azərbaycan xalqı torpaqlarının işğaldan azad olunacağını düşünürdü və unutmurdu. Torpaqları qəlblərində yaşayırdı. Bu illər ərzində Azərbaycan xalqı Vətən həsrəti ilə yaşayırdı.
Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan xalqını bir yumruq altında birləşdirərək işğal olunmuş torpaqlarımızı azad etdi. İşğal olunmuş torpaqlar şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına, Azərbaycan Prezidenti və xalqının iradəsi ilə erməni faşizmindən azad edildi. Zəngilan bölgəsi strateji bölgədir. Zəngilan rayonu coğrafi baxımdan həm Ermənistanla, həm də İranla sərhəddir. Qeyd edim ki, Orta dəhlizin bir qolu olan Zəngəzur dəhlizinin üzərində yerləşir. Naxçıvana gedən yol bu rayon üzərindən keçir. Ümumilikdə bu bölgə Respublikamız üçün strateji əhəmiyyət daşıyır. Bildiyiniz kimi hazırda Zəngilan rayonunda abadlıq işləri gedir. Zəngəzur dəhlizinə gedən yolda işlər gedir. Orta dəhliz, Naxçıvana gedən yol bu bölgədən keçir".
"Zəngilan rayonu çox təbii sərvətlərə malik olan rayondur. İşğal dövründə erməni faşistləri bu rayonda daşı daş üstündə qoymadılar. Rayonun tarixi sərvətləri dağıdıldı. Digər rayonlar kimi də Zəngilan rayonu böyük zərər çəkib. İndi isə dövlətimizin apardığı abadlıq işləri və qaçqınların geri qayıtması, yenidən bu rayonu dirçəltmək, inkişaf etdirmək dövlətimizin strateji məqsədlərindən biridir. Dövlət başçısının da digər rayonlar kimi Zəngilan rayonuna da diqqəti əvəzsizdir. Hesab edirəm ki, yaxın vaxtlarda bu bölgəyə daha böyük sərmayələr qoyulacaq, nəqliyyat infrastrukturu ilə yanaşı digər sahələr də inkişaf etdiriləcək. Əhalinin geri qayıtması, yenidən Zəngilan rayonunun inkişafı dövlətimiz üçün ali məqsədlərdəndir. Hər bir vətəndaş kimi mənim üçün də Zəngilan müqəddəs bir yerdir. 30 ilə yaxın işğal altında olması hər bir vətəndaşı narahat edirdi. Bu günün Zəngilan Günü kimi elan olunması Azərbaycan xalqının həsrətlə gözlədiyi gün idi. Ən çox da bu bölgədə yaşayan insanlar öz doğma ata-baba yurdlarına qayıtmaq arzusu ilə yaşayırdılar. Azərbaycan Prezidentinin apardığı xarici və daxili siyasətin nəticəsidir ki, Zəngilan camaatı bu gün öz torpaqlarına qayıdır" - deyə o, əlavə edib.