![]() |
![]() |
“Azərbaycanın məqsədi təbii ki, regionda olan qonşu dövlətlərlə normal tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin qurulmasıdır.
O cümlədən nəzərə alsaq ki, İran Azərbaycanla qonşu dövlətdir və regionda baş verən son reallıqlardan sonra artıq müxtəlif formatlarda əməkdaşlıqlar təklif olunub". Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, bunlar “3+3” formatıdır: "Digər əməkdaşlıqlar da təbii ki, mövcuddur. Bu baxımdan İranda nəzərdə tutulan üçtərəfli xarici işlər nazirlərinin görüşü düşünürəm ki, Azərbaycanın milli maraqlarına uyğundur. Azərbaycan həmişə bu cür münasibətlərin qurulmasında maraqlı olmuşdur. Nəzərdə tutulan Rusiya-İran-Azərbaycan xarici işlər nazirlərinin görüşündən sonra ehtimal olunur ki, ölkə liderlərinin də görüşləri keçirilə bilər. Bununla biz yeni bir layihənin başlanğıcını görəcəyik. Həmişə qeyd etmişəm ki, İranın hansı mövqedə olmasından asılı olmayaraq bu gün qonşular arasında əməkdaşlıq davam etdirilir. Münasibətlərin normallaşması məsələsi dövlət tərəfindən hər zaman diqqətdə saxlanılıb və bu məsələlərə diqqətlə yanaşılır.
Hesab edirəm ki, nəzərdə tutulan bu görüş yeni bir formatın, yeni bir əlaqələrin başlanğıcı kimi qeyd edilə bilər. Bu görüşün təşkilinə və iştirakına görə, Azərbaycan dövlətinə, həmçinin bunun təşkilatçılarına uğurlar arzulayıram. Hesab edirəm ki, bu görüşdən sonra regionda bəzi məsələlərə də aydınlıq gətiriləcək”.