Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahanın efirdə səsləndirdiyi “Tüpürüm sizin ağzınıza” adlı “şeiri” sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sözügedən şeirin efirdə səsləndirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb və narazılıq doğurub. Hətta bunu E.Seyidcahanın insanları təhqir etməsi kimi dəyərləndirənlər də var. Əməkdar artist buna görə AYB-dən uzaqlaşdırıla bilərmi?
Kult.az xəbər verir ki, Globalinfo.az-a danışan AYB sədri Anar Rzayev məsələdən məlumatsız olduğunu bildirib.
“Hazırda bağda dincəlirəm. Məzuniyyətdə olduğum üçün televiziya və sosial şəbəkələri izləmirəm. Açığı, Elza xanımın necə bir şeir deməsindən məlumatsızam. İstirahətdən qayıdan kimi, həmin görüntüləri izləyəcəm”, - o deyib.
Anar Rzayev Elza Seyidcahanın AYB-dən kənarlaşdırılmasının mümkünlüyündən danışıb:
“Şeirlə tanış olduqdan sonra bir söz deyə bilərəm. Əlbəttə, bizim nizamnaməni pozan kəslər AYB-dən uzaqlaşdırılır. Məsələn, klassiklərimizi təhqir edən adam olub ki, biz onu kənarlaşdırmışıq. Elza Seyidcahanın şeirində də təhqir olarsa, tədbir görüləcək”.