Sudanda vəba epidemiyasından ölənlərin sayı 56 nəfərə yüksəlib.
Səhiyyə Nazirliyinin yaydığı bəyanatda Kesele və Qadarif əyalətlərində vəbaya 128 yeni yoluxma faktının qeydə alındığı bildirilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bəyanatda vəbaya yoluxanların ümumi sayının 1351-ə, vəba xəstəliyindən həyatını itirənlərin sayının isə 56-ya yüksəldiyi bildirilib.
Qeyd edək ki, bu il ölkədə yağan aramsız yağışların səbəb olduğu daşqınlar nəticəsində 156 min 995 nəfərin zərər çəkdiyi vurğulanıb.
Təbii fəlakət nəticəsində 16 min 188 evin tamamilə, 14 min 99 evin isə qismən dağıldığı qeyd edilib.
Sudanda iyul-oktyabr ayları arasında yağan leysan yağışları ciddi fəsadlara səbəb olur.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını çətinləşdirir.
Sudan Səhiyyə Nazirliyinin avqustun 27-də yaydığı bəyanatda daşqınlar nəticəsində həyatını itirənlərin sayının 138 nəfərə çatdığı bildirilib.