Nigeriyanın şimalındakı Kano əyalətində difteriya epidemiyasından 40 nəfərin öldüyü bildirilib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, mətbuatda yer alan xəbərə görə, Kano əyalətində sürətlə yayılan difteriya epidemiyası səbəbilə əksəriyyəti uşaq olmaqla 40 nəfər həyatını itirib, çox sayda insan müalicə olunub.
Səlahiyyətlilər, son iki həftədə difteriya epidemiyasının artdığını bildirib. Nigeriyada 2022-2023-cü illərdə 16 min 518 difteriya hadisəsi aşkarlanıb və indiyədək 800-dən çox insan həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkədə difteriya hallarının artması səbəbindən epidemiyanın ikinci dalğasının olduğunu təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ötən il epidemiya ilə mübarizə çərçivəsində Nigeriyaya 9,3 milyon doza peyvənd göndərib. "Quş gözü xəstəliyi" olaraq da bilinən difteriya, "corynebacterium diphtheriae" adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.