Çerniqovda bir həftədən artıqdır ki, elektrik enerjisi yoxdur, sakinlərin təxminən yarısı şəhəri tərk edib.
Axar.az xəbər verir ki, bu barədə Çerniqov şəhərinin meri Vladislav Atroşenko “Ukrainskaya Pravda”ya müsahibəsində deyib.
"Bir həftədən artıqdır ki, işıq yoxdur və elektrik enerjisini bərpa etmək mümkün deyil. Bu, texniki cəhətdən edilsə belə, bir saat, maksimum iki saat davam edəcək.
Şəhərdə elektrik, rabitə yoxdur, ölülər saatlarla səkidə qalırlar. Çünki meyiti morqa aparmaq mümkünsüzdür. Çox adam işini itirib. Və onların artıq ərzaq almaq imkanları yoxdur. Bundan əlavə, mağazalarda məhsullar əhəmiyyətli dərəcədə azalıb, şəhərə demək olar ki, çatdırılma yoxdur.
Yemək saxlamaq da mümkün deyil. İnsanlar fövqəladə şəraitdə daha çox yemək bişirməyə məcbur olurlar. Küçədə ocaq qalayırlar və bu, davamlı atışmanın olması səbəbindən çətindir. Burada da antisanitar vəziyyətlə bağlı problemlər var”, - deyə mer bildirib.