Son 70 ilin ən ağır böhranını yaşayan Şri-Lankada yanacaq böhranı dərinləşib.
Milli.Az APA-ya istinadən bildirir ki, sürücülər saatlarla yanacaqdoldurma məntəqələrinin qarşısında gözləməli olurlar. Eyni hal maye qaz satan məntəqələrdə də müşahidə olunur. Elektrik stansiyaları yanacaq idxal edə bilmədiyi üçün elektrik enerjisi fasilələrlə verilir.
Polisin məlumatına görə son bir neçə gündə yanacaq növbəsində onadək insan həyatını itirib. Onların ölüm səbəbi günvurma olub.
Bundan başqa, ölkədə valyuta qıtlığına görə dərman preparatları və digər zəruri mallar çatışmır. Dəftər və qələm qıtlığına görə orta məktəblərdə buraxılış imtahanları ləğv edilib.