Ukrayna xalqının rus işğalçılarına güclü mqaviməti davam edir. Artıq müəyyən analizlər etmək mümkündür. Hazırkı vəziyyət belədir: düşmənin Ukrayna ərazilərinin dərinliklərinə hücum intensivliyi dayanıb. Siz onların xəbərlərini də görürsünüz – artıq aktiv döyüşlərin intensivliyi aşağı düşüb.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
O bildirib ki, düşmən ciddi itkilər verib və hazırda şəxsi heyəti komplektləşdirmək və hərbi hissələri yenidən qruplaşdırmaq məcburiyyətindədir:
“Düşmən nəticə çıxarır və bizim reallıqları öyrənir, amma hücum əməliyyatından əl çəkməyib. Hazırda onlar nəyəsə nail olmaq istəyir ki, komandanlıqlarına məruzə edə bilsinlər. Ona görə də müvəqqəti olaraq işğal olunmuş ərazilərin sərhədlərində möhkəmlənməyə çalışırlar. Və burada yerli ictimaiyyətin mövqeyi son dərəcə vacibdir. Tokmak, Melitopol, Xerson - düşmənin belə planlarını həyata keçirməsinə imkan vermir”.
Malyar qeyd edib ki, düşmən şəhərləri, kəndləri, mülki infrastukturu məhv edir:
“Məqsəd bizi qorxutmaq və sındırmaqdır. Amma Ukrayna xalqı sınan deyil. Bəli, müharibə - sınaqdır, itkidir. Ancaq biz bunlardan keçəcəyik və qələbə çalacağıq – heç bir şübhəniz olmasın”.