Ukraynanın Avropa Birliyinə daxil olması proseduru ölkə ərazisində münaqişəyə son qoymayacaq və birliyə qoşulmaq qərarı bir neçə günə verilməyəcək.
Axar.az xəbər verir ki, bunu Yelisey sarayının nümayəndəsi “Monde” qəzetinə bildirib.
“41 milyon insanın yaşadığı Ukraynanı qəbul etmək həftə sonu verilən qərar deyil. Üzvlük proseduru müharibəyə son qoymayacaq”, - mənbə bildirib.
Qeyd olunur ki, Rusiyada Ukraynanın Avropa Birliyinə daxil olması təxribat və avropalıların Moskvanı qıcıqlandırması kimi qəbul olunacaq. Ukraynanın AB-yə daxil olması proseduru digər üzvlük namizədlərində olduğu kimi, illər boyu uzana bilər.
Avropa liderləri Ukraynanın Birliyə üzvlüklə bağlı müraciətinə baxılmasının nəticələrini gözləmədən, Kiyevlə əlaqələrini gücləndirəcəklərini bildiriblər. Fransa Prezidenti Emmanuel Makron isə vurğulayıb ki, Ukraynanın AB-yə qəbulu proseduruna indi başlamaq mümkün deyil.