Türkiyə sonuna qədər Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə və Rusiya işğalını pisləsə də, yenə də Rusiyaya qarşı sanksiyalara qoşulmadı.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik təşəbbüsləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında sülhün təmin olunmasına səmimi şəkildə dəstək verən ölkələr Türkiyə, Azərbaycan və İsraildir:
“Türkiyə bölgədəki müharibənin milli maraqlarına zidd olduğunu dəfələrlə elan edib. İsrail isə Rusiyadan enerji alınmasına qoyulan qadağaların İran üçün yeni bir şans olacağını bilir. Avropa bu halda İrandan neft-qaz idxal etməyə məcbur olacaq və bu da cənub qonşumuza sanksiyaların götürülməsini tələb edir. İsrail İranın bu qlobal oyunda udan tərəf olmasını və çiçəklənməsini istəmir, çünki Tehran rejimini özünə ciddi təhdid görür.
Azərbaycan da hər iki ölkə ilə xoş münasibətləri olan, ticari baxımdan Rusiya ilə geniş əlaqələrə malik, eyni zamanda ölkələrin ərazi bütövlüyünü bütün platformalarda maksimum dəstəkləyən və bunun qorunmasına çalışan bir ölkədir.
Əlavə edək ki, hər 3 ölkə heç bir qlobal oyunda iştirak etmir, Rusiyaya qarşı cəbhədə yer almayıb. Bu baxımdan Ukraynada müharibənin bitməsinə bu 3 ölkə səmimi şəkildə çalışır və həm Rusiya, həm də Ukrayna bunun fərqindədir.
Ərdoğanın təşəbbüsləri, eyni zamanda Azərbaycan və İsrail prezidentlərinin Antalya Diplomatiya Forumunda iştirak edəcəyini bildirməsi də real və səmimi cəhdlərin dairəsini ortaya qoymuş olur.
Türkiyə Antalya Diplomatik Forumunda Rusiya və Ukrayna XİN rəhbərlərini görüşdürmək üçün hər iki tərəfin artıq razılığını alıb. Ona görə də bu görüş sülh istiqamətində əhəmiyyətli bir addım ola bilər”.