Hazırda Rusiyanın yaratdığı siyasi reallıq və təhlükə Almaniya və Fransanı ABŞ-ın ağuşuna atıb.
Bu sözləri Axar.az-a açıqlamasında terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib. Ekspert indiki duruma görə sözügedən ölkələrin öz müdafiə xərclərini artırmalı olacaqlarını vurğulayıb:
“Öncədən Almaniya və Fransanın müdafiə xərcləri bu ölkələrdəki ÜDM-nin 2%-ni belə təşkil etmirdi. İndi isə sözügedən ölkələrin müdafiə xərclərini 4%-dək artıracağı bildirilir. Bu isə illik 400 milyard dollar deməkdir. Buna bir də digər NATO ölkələrini əlavə edin. Geosiyasi imperatorluğunu ildə 800 milyard dollara yaxın vəsait xərcləməklə davam etdirməyə çalışan ABŞ isə indidən qələbə qazanıb və bununla da kifayətlənməyəcək. Lakin Atlantika Alyansı üçün çox böyük risk dərindədir. Almaniya və Fransa bu dərin oyunu görür, ancaq hələlik sinəsinə çəkir. Qarşılıqlı etibarın zəifləməsi isə gələcəkdə çox dərin qopmalara, hətta düşmənçiliyə də səbəb ola bilər”.