Ukraynanın sabiq prezidenti, Rusiyanın yenidən hakimiyyətə gətirmək istədiyi haqda iddialar yayılan Viktor Yanukoviç Prezident Vladimir Zelenskiyə müraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, Yanukoviç Zelenkini axan qanı istənilən yolla dayandırmağa çağırıb.
“Mən yaxşı bilirəm ki, sizin çoxlu “məsləhətçiniz” var, ancaq şəxsən siz istənilən yolla, hər vasitə ilə qan axıdılmasını dayandırmağa və sülh razılaşmasına nail olmağa borclusunuz. Bunu sizdən Ukraynada, Donbasda və Rusiyada gözləyirlər”, - Yanukoviçin RİA-ya daxil olan müraciətində bildirilir.
Yanukoviç deyib ki, belə bir addıma görə Ukrayna xalqı və Kiyevin Qərb partnyorları minnətdar olacaq:
“Mən prezident və hətta müəyyən qədər ata kimi Vladimir Zelenskiyə səslənmək istəyirəm: Vladimir Aleksandroviç, siz, yəqin ki, əsl qəhrəman olmağı arzulayırsınız! Ancaq qəhrəmanlıq nümayiş üçün deyil, o, son ukraynalıya qədər vuruşmaq üçün də deyil! Qəhrəmanlıq - insanların həyatını xilas etmək naminə özünü qurban vermək, öz qürur və ambisiyaların üzərində qələbə çalmaqdadır”.
O bildirib ki, hazırda ölkəsində baş verənləri ağrı ilə qarşılayır:
“Bütün faciələrin qarşısını almaq üçün imkan var. İlk gündən siz Ukraynada müharibənin qarşısını almağı vəd etmişdiniz və məhz buna görə Ukrayna sizi dəstəklədi. Siz sülhün prezidenti ola bilərdiniz, amma təəssüf ki, bu baş vermədi”.